“Neftçi”nin rəqibi: “Şirlər”, Yəmən yəhudiləri
Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi bu komanda ilə ilk oyununu avqustun 8-də Təl-Əvivdə keçirəcək. Cavab oyunu isə bundan bir həftə sonra Bakıda baş tutacaq. Bəs bu rəqib haqqında nə bilirik? Oxu.Az “Neftçi”nin yeni rəqibini tanıdır: İsrailin paytaxtını təmsil edən bu klub “Neftçi”dən bir yaş böyükdür. Klubu Yəmən yəhudiləri olan Nathan Sulami və onun dostları 1936-cı ilin yanvarında yaradıb. Klubun adının belə adlanmasının səbəbi isə Yəmən yəhudilərinin özlərini Yaqub peyğəmbərin dördüncü övladı – “Tövrat”da adı çəkilən İudanın nəslinin davamçıları sayması olub. İuda isə yəhudi dilində “Yəhuda” adlandığından, klubun adı “Bney Yehuda” qoyulub. Yəni “Yəhudanın davamçıları”. 1940-cı ildə IV divizionda debüt edən bu klub ilk dəfə 1959-cu ildə elitada çıxış etməyə başlayıb. Düzdür, iki il sonra komanda əsas çempionatdan yuvarlansa da, 1965-ci ildə ölkə kubokunun finalına çıxa bilib. 1968-ci ildə isə ilk dəfə ölkə kubokunu qazanıb. Klub Təl-Əviv “Makkabi”si və “Hapoel”i olan yerdə şəhərin üçüncü klubu sayıldığından, yalnız bir dəfə – 1989/90 mövsümündə İsrail çempionu ola bilib. Amma bu komandanın aktivində dörd ölkə kuboku, bir Superkubok var. Sonuncu kubok məhz ötən mövsüm qazanılıb. Çempionatda 5-ci yeri tutan “Bney Yehuda” məhz bu kubok hesabına Avropa Liqasının III mərhələsindən mübarizəyə qatılmaq imkanı əldə edib. Ləqəblərindən biri “HaArayot” (Şirlər) olan “Bney Yehuda” ev oyunlarını müvəqqəti olaraq 13 370 tamaşaçı tutumuna malik “Ramat Qan” stadionunda keçirir. 48 yaşlı Yossi Abukasisin baş məşqçisi olduğu komandada cəmi iki legioner var. Bunlar litvalı qapıçı Emiliyus Zubas və Fil Dişi Sahilindən olan yarımmüdafiəçi İsmaila Sorodur. “Neftçi” ilə oyun bu komandanın 14-cü avrokubok matçı olacaq. Bu komandanın ilk avrokubok matçları isə Azərbaycan təmsilçisi ilə matçlarda gerçəkləşib. Belə ki, hazırda I divizionda “Zaqatala” adı ilə çıxış edən “Simurq” avrokuboklarda debütünü məhz 2009-cu ildə “Bney Yehuda”ya qarşı keçirib. Həmin vaxt ukraynalı baş məşqçi Roman Pokoranın çalışdırdığı Zaqatala klubu Bakıda 0:1, İsraildə isə 0:3 hesablı məğlubiyyətlə barışmalı olmuşdu. O vaxt qarşı tərəfi çalışdıran Qay Luzon adlı baş məşqçi oyunöncəsi mətbuat konfransında “ağlamağ”ı ilə yadda qalmış, “Simurq”u “Bney Yehuda”dan daha güclü komanda adlandırmışdı. “Simurq” üzərində qələbədən sonra isə Luzon bu hərəkətini “rəqibin başının altına yastıq qoyurdum” kimi izah etmişdi. Ümid edək ki, “Arsenal” qələbəsindən ilhamlanmış “Neftçi” 10 il əvvəl “Simurq”un yaşadıqlarından dərs çıxaracaq, rəqiblə oyuna çox ciddi hazırlaşacaq.