Rusiyada meşə yanğınları genişlənir: Azərbaycan meşələrinə təhlükə varmı?

Nazir müavini: “Gələcəkdə ola bilər ki, bütün meşələrimizi kameralarla əhatə edək...”

Rusiyada günlərdir ki, meşə yanğınları davam edir. Rusiya Fövqəladə Hallar nazirinin birinci müavini Aleksandr Çupriyanın sözlərinə görə, Sibirdə tayqa və Uzaq Şərqdə 3 milyon hektar sahə yanır: “Bu rəqəmin artacağı ehtimal edilir”. Bildirilib ki, hazırda meşə yanğınları ilə əlaqədar İrkutsk vilayəti, Krasnoyarsk diyarı, Buryatiya Respublikasının iki rayonu və Saxa (Yakutiya) Respublikasının bir rayonunda fövqəladə vəziyyət rejimi elan edilib. Bəs Azərbaycanın meşələri necə qorunur? Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, ölkədə meşələrin qorunması istiqamətində son zamanlar xeyli işlər görülüb: “Biz hər zaman diqqətli olub, qabaqlayıcı tədbirlər görməliyik. Meşəliyin spesifik yanaşma üsulları var. Məsələn, mineral zolaqların çəkilməsini qeyd edə bilərik. Hər il yaz fəslində meşə ilə təmasda olan əraziləri şumlayırlar. Bu onunla bağlıdır ki, yoldan keçən adam siqaret kötüyü atan zaman yanan otlar vasitəsilə meşəyə od keçməsin. Bu, bizim cari işlərimizdir. Eyni zamanda, biz çəpərləmə ilə bağlı da addımlar atırıq. Çoxları bunu yanlış anlayaraq deyirlər ki, nazirlik meşələri çəpərləyir. Əslində isə bunların hamısı profilaktik tədbirlərdir. Hər şeydən öncə insanların maarifləndirilməsinə gərək var. Azərbaycanda meşə yanğınlarının baş vermə səbəbləri sırasında ən üst yerdə insan amili dayanır. Rusiyada yanan meşələrdə isə durum fərqlidir. Belə ki, orada məlum olduğu kimi, iynəyarpaqlı ağaclar üstünlük təşkil edir. İynəyarpaqlar presləndikcə, orada torf ehtiyatı formalaşır. Yavaş oksidləşmə baş verir və özü-özündən qızışıb, yanğına çevrilir. Artıq orada yanğınların əhatəsi 3 milyon hektarı keçib. Bu, elə bir haldır ki, artıq insan da yanğını söndürməkdə acizdir. Yetərlidir ki, hər kəs özü, öz etdiyi hərəkətə nəzarət etsin. Bu zaman yanğınlar da baş verməz. Bu cür alovların qarşısının alınması dövlətin gücündən asılı deyil. Məsələn, Amerika kimi supergüc dövlətin də ərazisində meşə yanğınları baş verir. Hətta bu hadisələr zamanı insan itkiləri də yaşanır. Ancaq Azərbaycanda belə hal yoxdur. Əvvəlki illərlə müqayisədə görürük ki, meşə yanğınları Azərbaycanda minimuma enir”. Rusiyada meşə yanğınları ile ilgili görsel sonucu Nazir müavini qeyd edib ki, insanlar arasında aparılan maarifləndirmə işlərinin böyük faydası var: “Bu cür işlər apardıqca görürük ki, insanlarda təbiətə qarşı dost münasibət formalaşır. Əvvəlki illərdə insanlar zəmiləri biçdikdən sonra yeri odlayırdılar. Nəticədə alov meşəyə düşürdü və yanğın başlayırdı. Ancaq ötən il məsələ ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildikdən sonra artıq bu cür hallar aradan qalxır. Eyni zamanda, prosesdə mətbuatın da rolu böyükdür. Mətbuat vasitəsilə təbliğ olunduqca insanlar da bilirlər ki, bu cür addımı atmaq olmaz. Əvvəllər kor-koranə münasibət formalaşmışdı. Ərazini biçən kimi yandırırdılar. Əslində onlar özləri də gələcəkdə məhsul bolluğunun qarşısını alırdılar. Humus qatının 1 santimetri 100 illər boyu formalaşır. Yanğın zamanı isə bu, getdikcə məhv olur. Bu il bizdə böyük meşə yanğınları baş vermədi. Bəzi yerlərdə kiçik yanğınlar oldu ki, onu da elə kənd camaatının köməkliyi ilə zamanında söndürə bildik. Artıq insanlarda təbiətlə dost münasibəti formalaşdıqca, bu cür xətalardan uzaq oluruq. Yetər ki, hər bir vətəndaş meşəyə gedən zaman özü təhlükəsizlik qaydalarına riayət etdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq biz bütün meşələrə eyni anda tam nəzarət edə bilmərik. Ona görə də vətəndaşlar da bu sahədə mövqe nümayiş etdirməlidirlər”. Firdovsi Əliyev ile ilgili görsel sonucu F.Əliyev meşələrə quraşdırılan kameraların faydasından da danışdı: “Ötən il pilot layihə olaraq biz  5 rayonda kamera quraşdırdıq. Kameraların rolu müxtəlifdir. Belə ki, ən azından meşəyə girən adam bilir ki, kamera var və o, izlənilir. Bu zaman onun ağlında hansısa fikir varsa belə, kamera onu bu fikirdən daşındırır. Yəni ilk növbədə kameralar ən azından mühafizə funksiyasını yerinə yetirir. Eyni zamanda, meşəyə xoş niyyətlə getməyən sürücülər də bilirlər ki, avtomobilləri giriş və çıxışda kameraya düşəcək. Ona görə də əlavə addımlardan çəkinir. Kameralardan yanğınla bağlı da faydalanırıq. Belə ki, hansısa ərazidə yanğın yaranırsa, kamera vasitəsilə bunu tez bir zamanda görüb, vaxtında müdaxilə etmək olur. Bir var kimsə xəbər versin, bir də var, monitor arxasında adam bu yanğını görür, müvafiq şəxslərə xəbər verir. Bizim toplanma məntəqələrimiz var. Bu cür hallarda həmin insanlara xəbər verilir və vaxtında yanğına müdaxilə olunur. Açığını deyim ki, hələ ki, yanğın baş vermədiyi üçün bu cür hala da ehtiyac olmayıb. Bu, çox yaxşıdır. Kameraların olması, bütövlükdə meşələrə nəzarət funksiyasını gücləndirir. Meşəçi ilə yanaşı biz də kameralar vasitəsilə meşələrə nəzarət edirik. Bu il də meşələrə kameralar quraşdıracağıq. Gələcəkdə ola bilər ki, bütün Azərbaycan meşələrini kameralarla əhatə edək. Sizin vasitənizlə xahiş vətəndaşlardan xahiş edirəm ki, istirahətdən qayıtdıqları zaman qaladıqları ocağın tam söndüyünə əmin olsunlar. Həmçinin yanan siqaret kötüyünü də hara gəldi atmasınlar. Havalr hazırda çox isti keçir və hələ qarşıda bundan da isti günlər olacaq. Ona görə də diqqətli olmaq lazımdır. Əgər 1 kvadratmetr yer yanırsa, bunun özü də zərərlidir. Həmin yerin florası, faunası məhv olur. Bu isə ümumi işin zərərinədir. Rusiyada hazırda yanan meşə ərazisi, bizim ümumi meşə sahəmizdən 3 dəfə çoxdur. Bu cür sərvəti geri qaytarmaq üçün yüz illiklər lazımdır. Ona görə də Azərbaycanda da olduqda diqqətli olmaq lazımdır”. Əli RAİS,
“Yeni Müsavat”