Son həftədə əyalətdə ikinci kütləvi zəhərlənmə
Bu il havalar əvvəlki yay mövsümünə nisbətən sərin keçsə də, xüsusən rayonlarda kütləvi qida zəhərlənməsi ilə bağlı xəbərlər gəlməkdədir. Məlumdur ki, əsasən isti yay günlərində qidaların saxlanma qaydaları pozulduğundan bu cür kütləvi zəhərlənmələr baş verir.  Belə ki, avqustun 1-də Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.  APA-nın xəbərinə görə, 17 nəfər qida zəhərlənməsi diaqnozu ilə rayon xəstəxanasına müraciət edib. Rayonun müxtəlif ərazilərində yaşayan həmin şəxslər qarpız, tort və şirin su məhsullarından zəhərləndiklərini bildiriblər. Müraciət edənlərə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Onlardan yalnız bir nəfər xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, onların konkret hansı qidadan zəhələndikləri müəyyən olunmayıb. Çünki bəziləri tort, bəziləri digər qidaları yedikdən sonra vəziyyətlərinin pisləşdiyini bildirib. Daxil olan məlumat əsasında rayon prokurorluğu və polis şöbəsi əməkdaşları zəhərlənən şəxslərə baş çəkib, zərərçəkənlərin izahatı alınıb, müvafiq ekspertiza təyin edilib, zəruri olan digər araşdırma hərəkətləri yerinə yetirilib. Qida Təhlükəsizliyi Agentliyi faktla bağlı araşdırmalara başlayıb. Bu, başa çatmaqda olan həftə ərzində ikinci belə kütləvi zəhərlənmədir. Hadisə rayonun Durğan kəndində qeydə alınıb. Belə ki, kənd sakini həyətyanı sahəsində toy məclisi keçirilib. Həmin toy məclisində bir neçə nəfər qidadan zəhərlənib.  Onlar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ümumiyyətlə, ötən ay ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1 632 müraciət daxil olub. Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onların yalnız 14-ü təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Mütəxəssislər bildirir ki, infeksiyalaşmaya səbəb qidanın düzgün saxlanmasına əməl olunmamasıdır. Əllərdə, avadanlıq və ev əşyalarında istənilən qədər mikroorqanizmlər mövcuddur. Bu mikroblar qidaya düşdükdə və qida isti mühitdə saxlandıqda çoxalır, qidalanır və toksinlərini qidaya buraxır. Ona görə də mikrobların qidaya düşməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir. İlk növbədə qidanın hazırlanmasında istifadə olunan əşyalar təmiz saxlanılmalıdır. Qidanın atılacaq hissələri ayrıca otaqlarda təmizlənməli, yuyulmalıdır. Həmin hissələrin qida ilə təmasına qətiyyən yol verilməməlidir. Bu qaydalara əməl etmədikdə zəhərlənmə halları baş verə bilər. İkinci vacib məqam bişirilmiş qidanın saxlanma temperaturuna əməl olunması ilə bağlıdır. Bişmiş qida mümkün qədər tez qəbul olunmalıdır. Əgər qida tez qəbul olunmursa, həmin dəqiqə soyuducuya qoymaq lazımdır. Lerikdəki toydan sonra kütləvi zəhərlənmə ile ilgili görsel sonucu Mütəxəsislər deyir ki, yay aylarında mayonezli, souslu, kremli məhsulların istifadəsi məqsədəuyğun deyil. Daha bir ciddi problem şadlıq evləri üçün işləyən sərinləşdirici və spirtli içki sexləridir. Onlar müxtəlif brendləri məhsulun üzərinə yapışdırmaqla təqdim olunur.   Məsələn, avqustun 2-də  Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi 85. ünvanında fəaliyyət göstərən fiziki şəxs Şükürpur Fərman Sədulla oğluna məxsus “Zaquzelli” alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib. AQTA-nın  mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, baxış zamanı limonad sexində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Məlum olub ki, müəssisədə stifadə edilən suyun mikrobioloji təmizlənməsi aparılmır. Eyni zamanda qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib. Sexdə xammal və hazır məhsul ambarlarının, eləcə də istehsal sahəsinin sanitar-gigiyena norma və qaydalarına cavab vermədiyi, hazır məhsulların dövri laborator analizlərinin aparılmadan satışa verildiyi aşkar edilib. İstehsal olunan “Zaquzelli” əmtəə nişanlı alkoqolsuz içkilərdən nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına təqdim edilib. Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.  Ekspertlər  vurğulayır ki, şadlıq sarayları, kafe və restoranlar kəmiyyətə deyil,  keyfiyyətə üstünlük vermək lazımdır. Yəni toylarda yeməklərin əksəriyyətinin menyuda olsun deyə masaya düzülməsi doğru deyil. ORXAN,
“Yeni Müsavat”