Onlar potensial xərçəng xəstələridir! - Valideynlər, bunu uşaqlarınıza siz təlqin edirsiniz
  Böyük marketlər şəbəkələri istisna olmaqla, məhəllə marketlərində, köşklərdə azyaşlılara sərbəst şəkildə siqaret satılır. Lakin bu mağazaların sahibləri inzibati məsuliyyətə cəlb edilmir, cərimə olunmurlar. Bəs uşaqlar, ümumiyyətlə insanlar niyə siqaret çəkməyə başlayır? Oxu.Az bununla bağlı sosial şəbəkə üzərindən kiçik bir sorğu aparıb. İnsanlar siqaret çəkmələrini çox “maraqlı” səbəblərlə izah ediblər. Xüsusən də qadınlar deyir ki, bu, sadəcə “dəb”dir. Bir qrup insan düşünür ki, siqaret çəkənlərin 90%-i yeniyetməlik dövründə bu vərdişə başlayıb, ata bilməyənlərdir. Azyaşlılar isə bununla özlərini müstəqil insan kimi göstərmək, böyüdüklərini sübut etmək ehtiyacını təmin edirlər. Digər bir səbəb isə siqaretlə arıqlamaqdır. İnsanların bir hissəsi sırf arıqlamaq üçün siqaret çəkir. Özləri də bunu tam olaraq belə izah edir: “Deyilənə görə, siqaret adamı arıqladır”. Siqaret çəkənlərin böyük hissəsi isə problemlərini bu vərdişlə bir neçə dəqiqəlik unutduqlarını deyir. “SİQARET ÇƏKƏN AZYAŞLILAR, XÜSUSƏN DƏ QIZLAR POTENSİAL XƏRÇƏNG XƏSTƏLƏRİDİR” Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən tibb eksperti Adil Qeybulla deyir ki, azyaşlıların siqaret çəkməsi gələcək nəsil üçün ciddi təhlükədir: “Erkən yaşda siqaret çəkməyin çox ciddi fəsadları var. Azyaşlı oğlan və qızların siqaret çəkməsi birmənalı olaraq həvəsdir. Bu həvəs isə onların sağlamlığına ciddi ziyan vurur. Onlar potensial olaraq xərçəng xəstələri hesab olunurlar. Gənc yaşda siqaret çəkən insan bilməlidir ki, özü öz həyatını baltalayır. Xüsusilə qızların siqaret çəkməsi daha təhlükəlidir. Bəzən deyirlər siqaret çəkən qadınların sayı artıb. Mənsə deyərdim ki, süd vəzi xərçənginə tutulan qadınların sayı artıb. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçəng yaradır. Müxtəlif orqanların xərçəng xətəliyi siqaret çəkənlərdə digərlərindən fərqli olaraq 20 dəfə daha çox müşahidə edilir”. Ekspert sosial sorğuda səslənən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, siqaretin insanı arıqlatması elmi cəhətdən əsassız iddiadır: “Əksinə, siqaret çəkənlərin böyük əksəriyyəti artıq çəkidən əziyyət çəkir. Siqaret çəkən insanın mütləq bir bəhanəsi olur. Bu da onlardan biridir”. Psixoloqların fikrinə görə, gənclərin tütün çəkməyə bu qədər meyilli olmasına səbəb psixoloji mühitdə yaranan boşluqdur. “VALİDEYNLƏR BUNU QƏBUL ETMƏSƏ DƏ, AZYAŞLI UŞAQLARIN YANINDA SİQARET ÇƏKƏRƏK İLK OLARAQ ÖZLƏRİ BU VƏRDİŞİ ONLARA TƏLQİN EDİRLƏR” Psixoloq Elmir Əkbər düşünür ki, uşaqlar psixoloji olaraq valideynlərinin istəmədikləri addımları atmağa meyil edirlər: “Ziqmund Freyd insanların vərdişlərini maraqlı izah edirdi. O deyirdi ki, oral tip xarakterli insanlarda vərdişlər daha çox olur. Ən çox da siqaret çəkmək. Bu gün bu vərdişlər azyaşlılar arasında sürətlə yayılır. Səbəb isə çox sadədir. Psixoloji mühitdə yaranan boşluq. Azyaşlı hər hansı bir formada özünün psixi enerjisini realizə etməlidir. Təəssüf ki, bu zaman onları doğru istiqamətə yönləndirmək olmur. Çünki valideyn və uşaq arasında çox dəhşətli uçurum var. Uşaqların bu tip addım atmalarına səbəb isə birbaşa valideynlərin özləridir. Valideynlər bunu qəbul etməsə də, azyaşlı uşaqların yanında siqaret çəkərək ilk olaraq özləri bu vərdişi onlara təlqin edirlər. Uşaqlar da bunu örnək alır və özünü kişi kimi sübut etməyə çalışır. Bu, eynən qızlarda da belədir”. Məhəllə marketlərində, köşklərdə uşaqlara “ştuçnıy” siqaret satılmasının doğru olmadığını deyən psixoloq bu istiqamətdə ciddi tədbirlərin görülməli olduğunu da qeyd edib: “Biri atasını, başqa biri isə qonşusunu bəhanə edərək ədədlə siqaret alıb çəkir. Uşaqların çoxu bunu valideynlərinə acıq olsun deyə edir. Yenə gəlib çıxırıq valideyn-övlad münasibətlərinə. Yeniyetmələr valideynlərinin sözlərindən çox, kənar şəxslərin fikirlərinə daha təmkinli yanaşırlar. Bu neqativ münasibətlərin düzəlməsi, zərərli vərdişlərin aradan qaldırılması üçün dövlət səviyyəsində ciddi psixoloji kampaniyalar aparılmalıdır. Rusiyada bu addım atıldı və statistika göstərdi ki, tütün istifadə edənlərin sayı ciddi şəkildə azaldı. Yaxın zamanda mən özüm bu istiqamətdə bir layihə hazırlamağı da düşünürəm”. Qeyd edək ki, Azərbaycan Respublikası “Tütün və tütün məmulatları haqqında” Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara satılması qəti qadağandır. Qanunun 15.5-ci maddənin tələbinə görə, tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı yolverilməzdir.