Hindistan Kəşmirə verilən imtiyazları ləğv etməyi planlaşdırır
Hindistan Kəşmirə verilən imtiyazları ləğv edə bilər.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanın Daxili İşlər naziri Amit Şah parlamentdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Hindistan hökuməti Konstitusiyada Kəşmir ştatına imtiyazların verilməsini nəzərdə tutan maddəni ləğv etməyi planlaşdırır.

Xatırladaq ki, Hindistan Konstitusiyasının 370-ci maddəsi Cəmmu və Kəşmirə ölkənin digər ştatları ilə müqayisədə daha çox muxtariyyat verir. Belə ki, Cəmmu və Kəşmir ştatının özünə məxsus konstitusiyası, ayrıca bayrağı və xarici işlər, müdafiə və kommunikasiya sahələrindən başqa bütün digər sahələrdə qərar vermək hüququ var.

Qərarın iğtişaşlara səbəb olacağı gözlənilir.