Lionel Messi bombardirlər siyahısında liderlərdən uzaq düşüb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. APA-nın məlumatına görə, cədvəldə ilin arxada qalan yeddi ayında keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular yer alıblar. Siyahıya milli komandada və qitə kuboklarında ən azı 7 qol vuranlar daxil edilib. Azərbaycan təmsilçilərinin olmadığı cədvələ ümumilikdə 37 oyunçu düşüb. Bombardirlər siyahısına Ali Almoez (Qətər, “Əl-Duhayl”) başçılıq edir. O, yığmada 11, klubda 1 dəfə fərqlənib. İkinci sırada Toni Kaltak (Vanuatu, “Erakor Qolden Star”) qərarlaşıb. Hücumçu 11 qoldan onunu yığmada, birini klubda vurub. İlk “üçlüy”ü Ross Allen (Gernsi, “Vellinqton”) qapayır. O, qitə kuboklarında 11 qola sevinib. Avropa klublarında çıxış edənlər arasında ən yaxşı nəticə Lionel Messiyə məxsusdur. “Barselona”nın argentinalı forvardı 9 qolla 8-cidir. O, millidə 3, klubda 6 dəfə fərqlənə bilib.