Sumqayıtda baş həkimin bıçaqlanması ilə bağlı cinayət işi açılıb
Ötən gün Sumqayıt şəhərində yerləşən özəl klinikalardan birində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi açılıb. APA-nın yerli bürosunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir. Hadisəni törədən həkim artıq saxlanılıb. Qeyd edək ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 163A (Göyərçin abidəsi ilə üzbəüz) ünvanında yerləşən "Sum Modern Dental Clinic”də həkim işləyən Pərviz İbrahimov klinikanın baş həkimi Şahin Baxşəliyevə bıçaqla hücum edib. P.İbrahimov baş həkimin otağına daxil olaraq bıçaqla ona çoxsaylı zərbələr endirib. Ş.Baxşəliyev ağır vəziyyətdə başqa xəstəxanaya çatdırılıb və orada əməliyyat edilib. Onun vəziyyəti ağır olaraq qalır, həyati üçün risk aradan qalxıb.