Sakit okeanın sakitliyi pozulur: ABŞ Cənubi-Çin dənizinə hərbi gəmi göndərir
Rəsmi Vaşinqton Cənubi-Çin dənizi akvatoriyasına “Ronald Reagan” (Ronald Reyqan) atom təyyarədaşıyıcı gəminın flaqmanlığı altında hərbi-dəniz qüvvələrinin zərbə qrupunu göndərir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qrup artıq mübahisəli sulardan keçərək Filippinin paytaxtı Manila şəhərinə doğru yol alıb. Təyyarədaşıyıcı gəmimi göyərtəsində filippinli hərbçilər də var. Zərbə qrupunun komandanı admiral Karl Tomas ABŞ-ın buradakı mövcudluğunun bölgədə sabitliyin möhkəmləndirilməsinə gətirib çıxaracağını söyləyib. “Missiyamızın əsas şüarı-“Güc yolu ilə sülhə nail olmaq”dır”,-deyə admiral söyləyib. Təyyarədaşıyıcı gəmidə 70 hipersəsli F-18 qırıcısı, kəşfiyyat təyyarələri və helikopterlər var.   Karl Tomasın iddiasına görə, ABŞ gəmiləri burada diplomatiya və danışıqlar prosesinin effektivliyinin artırılmasına xidmət edəcək. Qeyd olunur ki, Cənubi-Çin dənizində ərazi mübahisələri əsasən Parasel adaları, Spratli arxipelaqı ətrafında gedir. Buraya Çinlə bərabər, Bruney, Vyetnam, Malayziya və Filippin iddia edir.   2013-cü ildən bu yana Çin Xalq Respublikası burada süni adalar tikməklə ərazisini genişləndirmə çalışmaları aparır. Bir sıra süni adalarda isə ÇXR ordusu artıq uçuş-enmə zolaqlar,mayaklar və digər hərbi obyektlər belə qurub. Çin bununla ticarətin 60%-nin və təbii yanacaq idxalatının 80%-nin keçdiyi Malakk boğazı yaxınlığındakı rayon üzərində nəzarəti ələ keçirmək istəyir.