“525”lə servis avtobusu toqquşdu - Zəncirvari qəza
Bakı-Sumqayıt magistralında qəza baş verib. “Qafqazinfo” xəbər verir ki, turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.   Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, Hazırda Xidmətin və DYP-nin əməkdaşları hadisə yerindədir.  İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb.  Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb. Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.  *** Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, avtoqəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar. *** Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, zəncirvari qəza bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində baş verib. Hadisə zamanı zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib. Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də, nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib.  Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsi xəsarət aldığı bildirilir.  Hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Günel Hacı