İran Təhlükəsizlik Şurası: Tehranın nüvə sazişini imzalaması səhv addım idi
İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ölkəsinin nüvə sazişi imzalamasının səhv addım olduğunu deyib. Bu barədə Ə.Şamxani NBC-yə müsahibəsində danışıb. Onun sözlərinə görə, İranda bir çox insan bu razılaşmanın səhv addım olduğu qənaətindədir: "Mən özüm də bu razılaşmanı yanlış hesab edənlər sırasındayam. Mən İran xalqının fikri ilə razıyam". Katib İranın nüvə silahı axtarışında olmadığını da bildirib. O qeyd edib ki, İrana qarşı sanksiyalar danışıqlara hesablanmayıb: "Bu, İranı təslim etmək üçün başladılan kampaniyadır". Əli Şamxani əlavə edib ki, Birləşmiş Ştatlar ölkəsinə sanksiya tətbiq etsə də, ABŞ Prezidenti Donald Trampın siyasəti uğursuzluğa düçar olub: "Çıxın, Tehran küçələrində gəzin və görün ki, xalqımız nə qədər enerjilidir". Xatırladaq ki, Ə.Şamxani İranın ali dini lideri Seyid Əli Xamneyinin hərbi müşaviridir. O, 2013-cü ildən İran Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib. Qeyd edək ki, nüvə razılaşması 2015-ci ildə imzalanıb. Müqaviləyə İran, Fransa, Almaniya, Britaniya, ABŞ, Çin və Rusiya imza atıb. ABŞ isə 2018-ci ildə rəsmən müqavilədən çıxdığını bəyan edib.