Depardye Belarusda özünə ev tikir - Torpağı ona Lukaşenko bağışlayıb
Məşhur fransız aktyor Jerar Depardye Belarus Prezidenti Aleksandr Lukaşenkonun ona bağışladığı torpaq sahəsində ev tikməyə hazırlaşır. Bu barədə "RİA Novosti"yə aktyorun nümayəndəsi Arno Frille danışıb. O, Minsk yaxınlığında ev tikmək üçün sahənin Depardyeyə 99 il müddətinə verildiyini deyib. Qeyd edib ki, tikiləcək evin layihəsi hazırdır. Frille torpağın rəsmiləşdirilməsi üzrə aparılan inzibati prosedurların çox uzun çəkdiyini əlavə edib. Bir müddət öncə Belarus mətbuatında yayılan məlumatda bildirilirdi ki, daşınmaz əmlakın vahid dövlət reyestrindən verilən çıxarışa əsasən, Depardyeyə Zaslav su anbarının sahilində, Minsk yaxınlığında yerləşən Laporoviçi kəndində ev tikintisi üçün torpaq sahəsi verilib. Biatlonist Darya Domraçeva onun qonşusu olacaq. "Le Figaro" jurnalına müsahibədə aktyor Fransadakı bütün əmlakını sataraq, bir müddət Belarusda yaşamaq niyyətində olduğunu bildirib. Bundan başqa, Belarus televiziyasına müsahibəsində Depardye qeyd edib ki, bu ölkə ona qeyri-adi təəssürat bəxş edib. Aktyorun sözlərinə görə, Belarus İsveçrəyə oxşayır, lakin daha təmiz və daha maraqlıdır.