Tağıyev haqqında film onun anım günündə ABŞ-da uğur qazanıb
Bu günlərdə mənim üçün çox sevindirici bir hadisə baş verdi. Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filminə onun anım günündə ABŞ-ın “Green Mountain Christian” film festivalında ikinci baxış olub. Film yarimfinala nominasiya alıb, oktyabr ayında kilsədə nümayiş etdiriləcək və birincilik uğrunda yarışacaq.

Bu barədə Modern.az-a “100 il şərəfli ömür” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
“Bizim istehsalımız olan “Şollerin arxivi” bədii filmi ABŞ-ın “The Green Mountain Christian” film festivalında nominasiya alıb. Bu, Azərbaycan kino tarixində yerli filmin ilk belə uğurudur. Festival rəhbərləri “Şollerin arxivi”nə  baxdıqdan sonra Azərbaycan haqqında daha da maraqlanıb, bizim yeni filmlərimizi də istəyiblər. Biz də “100 il şərəfli ömür” filmini ilk baxış üçün festivala göndərdik. Festival oktyabrın 18-19-da ABŞ-da yerləşən “Baptist Fellowship” kilsəsində keçiriləcək. Birincilik uğrunda iki film mübarizəyə qatılacaq”,- deyə C.Qasımov bildirib. 

Rejissor bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 

“Bu filmləri istehsal etməkdə şəxsi mənafe maraqlarımı güdməmişəm. Filmləri kommersiya məqsədi ilə deyil, Vətənimi tanıtmaq məqsədi ilə istehsal etmişik”. Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.
C.qasımov XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib. C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: 

“Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”. Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Cəlaləddin Qasımovun ssenari müəllifi olduğu “Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Film bu günə kimi 31 beynəlxalq festivalda uğur qazanıb. Ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran əsəri Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.