Kabildə terror aktı zamanı Rumıniya diplomatik missiyasının əməkdaşı həlak olub
Rumıniyanın Əfqanıstandakı diplomatik missiyasının əməkdaşı sentyabrın 2-dən 3-nə keçən gecə Kabildə törədilən partlayış nəticəsində həlak olub. Daha bir əməkdaş isə ağır yaralanıb. AZƏRTAC xəbər verir ki, Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, terror aktından sonra diplomatik missiyanın rəhbəri və səfirliyin mühafizə xidmətinin rəisi yaxınlıqdakı hərbi bazaya təxliyə olunub. Məlumata görə, xəsarət alan Rumıniya vətəndaşı səhhəti imkan verən kimi tibbi yardım almaq üçün Avropaya göndəriləcək. Xarici İşlər Nazirliyinin nümayəndələri həlak olan əməkdaşın cəsədinin ölkəyə gətirilməsi, həmçinin digər işçilərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərin həlli üçün səfirliklə müntəzəm əlaqə saxlayır.