"Mən uşaq pulu ilə bağlı təkliflərimi ardıcıl şəkildə səsləndirəcəyəm ki, qəbul olunsun" - deputat
Milli Məclisin deputatı Fazil Mustafa parlamentin payız sessiyasında uşaq pulunun bərpası ilə bağlı məsələ qaldıracaq.

Bu barədə F.Mustafanın özü məlumat verib.

"Mən uşaq pulu ilə bağlı təkliflərimi ardıcıl şəkildə səsləndirəcəyəm ki, qəbul olunsun", - millət vəkili bildirib.

F.Mustafa əlavə edib ki, uşaq pulunun hələlik 6 yaşa qədər olan uşaqlara verilməsini təklif edəcək.

Xatırladaq ki, bir müddət bundan əvvəl Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uşaq pulu ilə bağlı müzakirə aparıldığını demişdi.

Onun fikrincə, uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirmək lazımdır ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda, ailənin maddi yükünü azaltsın.

Bu istiqamətdə müzakirələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aparılır. (Oxu.az)