Bakıda sərnişinlər avtobuslardakı mərsiyələrdən narazıdılar - GİLEY
Bakıətrafı kəndlərə sərnişin daşıyan avtobus sürücüləri Məhərrəmlik ayı başlayandan sözügedən ayla bağlı mərsiyələri yüksək səslə sərnişinlərə qulaq asdırırlar. 

Bu barədə “Qafqazinfo”ya sözügedən istiqamətdə hərəkət edən sərnişinlər məlumat verib. Onlar bildirir ki, avtobus işə başlayan saatdan axşama kimi dini musiqilər yüksək səslə audiovasitədə oxudulur. Bu kimi hallar əsasən 131, 189 172, 107 və.s saylı marşrutlarda qeydə alınır. Rahatlığı pozulan sərnişinlər səhər saatlarından sözlərində ağrı, işgəncə, ah-vay olan mərsiyələrin ictimai yerlərdə səsləndirilməsindən narazılıqlarını ifadə edirlər. 

Ümumiyyətlə isə, ictimai yerlərdə yüksək səslə istər dini, istərsə də digər janrlarda musiqi səsləndirmək qanunla qadağandır. Belə bir tələb Nazirlər Kabinetinin 141 saylı qərarında da öz əksini tapıb. Qərarda bildirilir ki, müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslarda audio və video sistemlərdən yalnız sərnişinlərin razılığı əsasında istifadə etmək olar. 

İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən də, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə nəzərdə tutulub.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. O məsələnin araşdırılacağını bildirib. Qeyd edib ki, sərnişinlərin ictimai nəqliyyatda rahat istifadəsini təmin etmək üçün zəruri tədbirlərin görülməsi məqsədilə daşıyıcılara xəbərdarlıq olunacaq.