Gürcüstanın baş naziri vəzifəsinə namizəd müxalifəti hədələyib
Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvlərini hədələyib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, o, parlamentdə keçirilən dinləmələr zamanı VMHP-ni küçə müxalifəti adlandırıb. G.Qaxaria partiyaya son qoyacağını deyib: “Mən harasa getməyə hazırlaşmıram. Mən, Gürcüstan sakinləri və seçicilər sizə son qoyacaq. Siz adi küçə müxalifətisiniz və 2020-ci ildə küçədə qalacaqsınız”. O, müxalif partiyanı yalan və böhtanda ittiham edib. VMHP-dən olan deputatlar iclas zalını tərk ediblər. Dinləmələrə fasilə verilib. Müxalif millət vəkilləri parlament qarşısında keçirilən etiraz aksiyasına qoşulublar. Parlamentdə dinləmələr zamanı VMHP fraksiyası böyük monitorda Tbilisidə iyunun 20-21-də baş verən hadisələri əks etdirən videoçarx yayımlayıb. Videoçarxda baş verən hadisələrdə G.Qaxarianın günahkar olduğu qeyd olunub.