Adına görə “kosmosu fəth edən ilk insan” titulunu əldən verən kosmonavt – Titovun həyat yolu
6 avqust 1961-ci ildə dünyada ikinci dəfə insanın kosmosu fəth etməsi hadisəsi baş verib. Kosmosun növbəti fəthi də sovet kosmonavtı tərəfindən icra edilib. German Titov 25 saat “göylərin qonağı” olub.
Qeyd edək ki, kosmosun ilk dəfə fəth edilməsində SSRİ-nin adını dünyada birinciliyə gətirən Yuri Qaqarin uçuşa son dəqiqələr qalmışa qədər məhz bu “səfər”ə onun seçiləcəyini özü də bilməyib. Namizədlərin sayı əvvəlcə 20, sonra 6, daha sonra isə 2 nəfər olub, Yuri Qaqarin və German Titov. Xüsusi komissiya daha çox German Titovun üzərində dayanıb. Çünki onun bütün göstəriciləri Yuri Qaqarindən üstün olub. İstər fiziki hazırlıq, istərsə də şəxsi kefiyyətlərinə görə Titov Qaqarini üstələyib. Amma buna baxmayaraq, Nikita Xruşova Qaqarin təqdim edilib və ölkə başçısı bu seçimi təsdiqləyib.
Maraqlıdır, German Titov üstün olduğu halda niyə onu birincilikdən kənarda qoyublar?
Bunun çox sadə bir səbəbi olub. Sovet ideologiyasının “coşub-daşdığı” bir vaxtda Titova onun adı mane olub. German alman adı olduğundan ilk dəfə kosmosu belə adda bir şəxsin fəth etməsi sovet rəhbərləri tərəfindən məqsədəuyğun sayılmayıb.
German Titov 1935-ci ildə Altay diyarının Kosixin rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Stalinqrad Hərbi Aviasiya Məktəbində, sonra isə Jukovski adına Hərbi-hava Mühəndisləri Akademiyasında təhsil alıb. Bir müddət Leninqrad hərbi dairəsində xidmət edən Titov 1960-cı ildə kosmonavtlar dəstəsinə qəbul edilib.
German Titiv kosmosu fəth edən ilk şəxs olmasa da, o, kosmonavtikada digər ilklərə imza atıb.
Belə ki, o, dünyada kosmosu fəth edən ən cavan kosmonavt olub. Titov kosmosa 26 yaşında “səyahət” edib.
German Titov kosmosda uzun müddət qalan ilk kocmonavt olub ki, o, bununla kosmosda yaşamağın, normal qidalanmağın, yatmağın mümkün olduğunu sübut edib.
Titov 1 sutka 1 saat ərzində Yer kürəsinin ətrafında “Vostok-2” gəmisi ilə 17 dəfə dövrə vuraraq 703 min kilometr məsafə qət edib.
Titovun kosmosa uçuşundakı maraqlı məqamlardan biri onun yerə enişi ilə bağlı olub. Belə ki, uçuş sona çatdıqdan sonra kosmonavt Saratov vilayətinin Krasnı Kut şəhəri ərazisinə düşüb. Ətrafdakı insanlar onun xarici kəşfiyyatdan olduğunu zənn edərək kosmonavtı yaxına buraxmayıblar, yalnız dövlət təhlükəsizliyi orqanları məsələyə müdaxilə etdikdən sonra Titov yerli əhalinin “cəngindən” xilas ola bilib.
Uğurli uçuşdan sonra Titov Moskvanın “Vnukovo” hava limanından Kremlə böyük təntənə ilə gətirilib. O, 26 yaşında SSRİ-nin ən yüksək mükafatıyla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub, Kremldə şərəfinə böyük ziyafət verilib.
Bir müddət German Titovun səhhəti ilə bağlı xoşagəlməz söhbətlər gəzib, onun şüalanma nəticəsində ağır xəstəliklərə düçar olması haqqında fikirlər dolaşıb, kosmonavtın heç vaxt ata ola bilməyəcəyi söylənilib. Bu fikirlər Titova mənfi təsir edib. Ancaq narahatlıq uzun sürməyib. Qızı dünyaya gələndə kosmonavtın qızı ilə şəkilləri mətbuatın birinci səhifələrini bəzəyib, beləliklə də söz-söhbətə son qoyulub.
German Titov uzun illər elmi yaradıcılıqla məşğul olub, hərbi sahə ilə bağlı namizədlik və doktorluk işi müdafiə edib.
General-polkovnik rütbəsini daşıyan German Titov uzun illər SSRİ Müdafiə Nazirliyində və kosmonavtika sahəsində rəhbər vəzifələrdə çalışıb. 1991-ci ildə təqaüdə çıxan kosmonavt “Kosmoflot” beynəlxalq mərkəzinə başçılıq edib.
Müasirlərinin söylədiklərinə görə, Titov zəngin intellektə və dünyagörüşünə malik bir şəxs olub. Altı kitabın müəllifi olan Titov bir neçə filmə ssenari də yazıb, həmin filmlərdə özü də çəkilib.
Həyatını bütövlükdə kosmonavtikaya həsr edən Titov yaşadığı illər ərzində xeyriyyəçiliklə də məşğul olmağa vaxt tapıb. Məktəblərin, uşaq bağçalarının tikintisində iştirak edib, gənclərin kosmonavtika sahəsinə cəlb edilməsində, bu sahə üzrə təhsil almasında imkanlarını əsirgəməyib.
German Titov ictimai həyatda fəallığı ilə də fərqlənib. SSRİ dövründə iki, Rusiya Federasiyası dövründə isə üç dəfə deputat seçilib.
Kosmonavt 2000-ci ildə, 65 yaşında qəfil keçirdiyi infarktdan vəfat edib. German Titov Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.