Bu gün Azərbaycan və Xorvatiya yığmaları qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. “Report”un məlumatına görə, rəqib 2018-ci il dünya çempionatının gümüş mükafatçısı Xorvatiya yığması olacaq. “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. Matçı isveçrəli Sandro Şörerin başçılığı altında isveçrəli hakimlər briqadası idarə edəcək. E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu – 5-ci pillədədir. İki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2014-cü il oktyabrın 13-də Osiyek şəhərində keçirilmiş görüşdən sonra Azərbaycan millisinin ovaxtkı baş məşqçisi Berti Foqts istefa verib. 2015-ci il sentyabrın 3-də Bakıda oynanılmış qarşılaşma isə qolsuz nəticələnib. Bu matçın ardından isə Niko Kovaç Xorvatiya yığmasının sükanı arxasından ayrılıb. Nəhayət, cari seçmə tsikldə martın 21-də Zaqrebdə baş tutmuş görüş Xorvatiyanın qələbəsi ilə bitib – 2:1. 9 sentyabr AVRO-2020 Seçmə mərhələ, VI tur E qrupu 20:00. Azərbaycan – Xorvatiya Baş hakim: Sandro Şörer Yan xətt hakimləri: Stefane De Almeyda, Alen Hayniger Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)