Gürcüstan: nazirlərin neçə yaşı var?
Gürcüstanda baş nazir postuna 1975-ci il təvəllüdlü Georgi Qaxariya gətirilib. Novator.az bildirir ki, onun hökumətində 1975-ci ildə doğulmuş daha iki nəfər var: ədliyyə naziri Teya Sulukiani və daxili işlər naziri Vaxtanq Qomelauri. Gürcüstanda ən yaşlı nazirlər 1968-ci il təvəllüdlü iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə xarici işlər naziri David Zalkalianidir. Təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili 1971-ci ildə doğulub. Maliyyə naziri İvane Maçavariani ilə regional inkişaf və infrastruktur naziri Mayya Skitişvili 1974-cü ildəndirlər. Məcburi köçkünlərlə iş, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze 1976-cı ildə anadan olub. 1978-ci il təvəllüdlü Ketevan Sixelaşvili barışıq məsələləri və vətəndaş bərabərliyi üzrə dövlət naziri, Levan Davitaşvili ətraf mühit və kənd təsərrüfatı naziridir. Müdafiə naziri İrakli Qaribaşvili 1982-ci ildə anadan olub. Azərbaycanda ən gənc nazir əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, 1980-ci ildə anadan olub. Kənd təsərrüfatı naziri İnam Kərimovla nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 1977-ci il, vergilər naziri Mikayıl Cabbarov 1976-cı il, təhsil naziri Ceyhun Bayramov 1973-cü il, energetika naziri Pərviz Şahbazov 1969-cu il təvəllüdlüdür. Daxili işlər naziri Vilayət Eyvazov 1968-ci ildə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 1967-ci ildə, iqtisadiyyat naziri Şahin Mustafayev 1965-ci ildə, gənclər və idman naziri Azad Rəhimov 1964-cü ildə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və maliyyə naziri Samir Şərifov 1961-ci ildə doğulublar. Xarici işlər naziri Elmar Məmmədyarov 1960-cı ildə, müdafiə naziri Zakir Həsənov 1959-cu ildə, müdafiə sənayesi naziri Mədət Quliyev 1958-ci ildə, mədəniyyət naziri Əbülfəs Qarayev 1956-cı ildə, ədliyyə naziri Fikrət Məmmədov 1955-ci ildə, səhiyyə naziri Oqtay Şirəliyev 1950-ci ildə anadan olub. Ermənistanda ən gənc nazir – ədliyyə naziri Rustam Badasyan 1991-ci il təvəllüdlüdür. Ən yaşlı nazir – fövqəladə hallar naziri Feliks Solakyan 1952-ci ildə anadan olub.