Qadın onu bıçaqlayan ərini bağışladı, məhkəmə də azadlığa buraxdı
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Süleymanov son söz deyib.  O, əməlindən peşman olduğunu bildirib.  Zərərçəkmiş Ə.Məmmədova da çıxış edərək, ərini bağışladığını deyib və onun azadlığa buraxılmasını məhkəmədən xahiş edib. Sonra hökm oxunub.  Hökmə əsasən, M.Süleymanov barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.  Qeyd edək ki, hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı əri tərəfindən bıçaqlanıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehman Süleymanov saxlanılıb. Ona qəsdən bədənə ağır xəsarət yetirmə əməli ilə bağlı ittiham verilib. Xatırladaq ki, cütlüyün üç azyaşlı övladı var.