Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək
Bu gün bütün Almaniya ərazisində iqlimin müdafiəsinə yönəlmiş 500-dən çox aksiya və nümayiş keçiriləcək. Bu aksiyalarda yüz minlərlə alman iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, elə bu gün Bundestaq iqlim dəyişmələri sahəsində vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasına yönəldilmiş tədbirlər paketini nəzərdən keçirəcək.
Yerli hakimiyyət orqanları nəzərdə tutulan aksiyaların təhlükəsiz keçirilməsi üçün şəraitin yaradılması məqsədi ilə küçə və meydanlarda qoruyucu tədbirlər görürlər.
Almaniyada nümayişlər onlarca digər ölkədə keçiriləcək ümumdünya etiraz aksiyalarının tərkib hissəsi olacaq. Məsələn, onlardan biri bu gün Nyu-Yorkda keçiriləcək. Təhsil idarəsi rəhbərliyinin icazəsi ilə aksiyada 1700-dən çox məktəbin şagirdləri iştirak edəcək. Məşhur isveçli məktəbli və ekologiya fəalı, "Gələcək naminə cümələr” hərəkatının təşəbbüskarı, yelkənli gəmidə Avropadan ABŞ-a gəlmiş Qreta Tunberq də onlara qoşulacaq.