Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!
Ağız marçıldatma, saqqız çeynəmə, gəyirmə, hətta nəfəs alıb-vermə səsinə belə dözə bilmirsiniz? Araşdırmalara görə, bu xəstəlik sinir sistemi ilə bağlıdır.   Bəzən səslərə qarşı narahatçılığı insanın IQ səviyyəsinin yüksəkliyi və ya əsəb pozuntusu ilə bağlayırlar.   Psixoloq Roza Kazımlı Modern.az-a bildirib ki, bunu IQ səviyyəsi ilə əlaqəndirmək olmaz.   “İnsan hər hansı səsə ani reaksiyalar verirsə, bu, onun gərgin və yorğun olması ilə də əlaqəli ola bilər. Və yaxud buna hansısa nevroloji əlamətlər də səbəb ola bilər. Nevroz və gərgin olan insanlarda bu cür hallara daha çox rast gəlinir. Bu hal insanda səbəbsiz  yerə yaranmır. Həyatındakı gərginlik belə insanları cəmiyyətdən də uzaq salmağa başlayır. Gərgin insanlar səslərə qarşı qıcıq olur, həmin məkandan uzaqlaşırlar. Müşahidələrimdən gəldiyim qənaəti söyləyim, elə insanlar var ki,  yemək yeyərkən səs çıxaran şəxslərlə oturmurlar. Yaxşı olar ki, belə insanlar nevropatoloqla görüşsünlər. Həkimlər belə insanlara idmanla daha çox məşğul olmağı məsləhət görürlər. Çünki idman xoşbəxtlik hormonunun artmasına səbəb olur və gərginliyi aradan qaldırır”.   Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim-nevroloq Nuran Əmənullayev bildirib ki, gündəlik həyatımızda səslər (küylər) çox yayılıb və orqanizmə həm eşitmə, həm də qeyri-eşitmə ilə bağlı müxtəlif cür təsir göstərir.   “Peşə mühitində eşitmənin ətrafda yaranmış səslərdən sonra itirilməsi geniş yayılıb. Alimlərin fikrincə, əgər ətraf mühitdəki səslər eşitmə sistemindəki sinir hüceyrələrinin molekulyar səviyyədə belə zədələnməsinə səbəb olursa, bu səslər sağlamlıq üçün təhlükəli sayılır. Amma ətrafda olan bütün səslər təhlükəli deyil. Bu, onunla izah olunur ki, səslərin fiziki xüsusiyyətləri (ritmi, tezliyi, gücü) və eşitmə orqanının səsləri mənimsəmək qabiliyyəti burada mühüm rol oynayır. Səsin gücü (gurluğu) desibellə (dB) qiymətləndirilir. İnsanın qulağı 0-dan 160 dB-dək ölçüdə səsləri qəbul edə bilər. Danışıq zamanı səsin orta yüksəkliyi 45-50 dB təşkil edir. Əgər eşitmə aparatı qəbul edə biləcəyi ölçüdən daha güclü səslərin təsirinə məruz qalırsa, eşitmənin itirilməsi və s. digər xoşagəlməz hallar baş verə bilər. Bu üzdən bir çox məişət cihazlarının istehsalı zamanı bu meyara diqqət yetirirlər. Məsələn, kofeüyüdən maşın  75 dB, kompüter  37-45 dB, soyuducu 40- 43 dB, paltaryuyan maşın 47-78 dB, fen 59-90 dB və s.-dir. Alimər məqsədyönlü olmadan insanların yaratdığı səsləri də araşdırıblar. Məsələn, mətbəxdə qab-qacağın və ya yemək yeyərkən çəngəl-bıçağın yaratdığı səslər 67-93 dB gücündə olur. Norma həddində olmasına baxmayaraq, bu səslər müxtəlif insanlara fərqli cür təsir edir”.   Nuran Əmənullayev qeyd edib ki, bu da onunla izah olunur ki, cihazlar ritmik və eyni güclü səs yaradırlar.   “Müəyyən müddətdən sonra insanın qulağı bu səslərə öyrəşir. İnsanın müxtəlif fəaliyyəti zamanı əşyalardan istifadə edərkən yaratdığı səslər isə adətən qeyri-ritmik, həm də artıb-azalan gücdə olur. Belə səslərə isə öyrəşmək mümkün deyil və əksər insanlar belə səslərin tezliklə bitməsini istəyirlər. Eksperimental tədqiqatlar göstərir ki, bu cür səslər insanları qıcıqlandırır, gecə yuxusunun pozulmasına səbəb olur, nəticədə gündüzlər insan yuxulu olur, xəstəxana şəraitində müalicənin effektini azaldır, ürək-damar və təzyiq xəstəliyinin yaranmasına səbəb olur, hətta məktəblilərdə dərsin mənimsənilməsinə, diqqətin yayınmasına və digər zehni fəallığın azalmasına səbəb olur. Bizi əhatə edən mühitdə elə səslər də var ki, məsələn, iri magistrallarda hərəkət edən avtomobillərin, dəmiryollarındakı qatarların, havada olan təyyarələrin və s. biz yaxınlıqda olmasaq belə, onların tez-tez yaranması və bəzən daimi olması istər-istəməz orqanizmə mənfi təsir göstərir.  Belə demək mümkündürsə, atmosferdə “səs çirklənməsi” baş verir. Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində “səs çirklənməsi”nə qarşı mübarizə aparan qurumlar və könüllülər dəstəsi var. Onlar texnologiyanın yaratdığı daimi səsləri məcazi mənada “passiv tütünçəkmə” adladırırlar”.