Nyu Yorkdakı Qarabağ danışıqları nəticəsiz bitdi
Qarabağ danışıqlarının növbəti raundu ABŞ-ın Nyu-York şəhərində gerçəkləşib. Lakin gözlənildiyi kimi, bu görüş heç nə ilə yadda qalmayıb və sadəcə, deklorativ xarakter daşıyıb. Azərbaycan Xarici İşlər Nazirliyi görüşlə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq. Nazirlərin görüşünə gəldikdə isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə, sadəcə, fikir mübadiləsi aparıldı”.
Göründüyü kimi, rəsmi Bakı danışıqların perspektivinə inanmadığını dolayısı ilə diqqətə çatdırır və görüş ərəfəsində əsgərimizin şəhid olmasını xatırladır.  Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu Quba rayonunun Qırmızı qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşinin təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak etmişdi. Düşmən növbəti dəfə ənənəsinə sadiq qaldı və təxribata əl atdı. Heç şübhə etmirik ki, bunun cavabı artıqlaması ilə veriləcək.
Beynəlxalq təşkilatlar və vasitəçilərdən sərt reaksiya görməyən işğalçı isə növbəti dəfə həyasızlıq nümayiş  etdirməkdədir. 24 sentyabrdan işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlərə başlanılıb. "Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, təlimlər 5 oktyabradək davam edəcək. Hər halda, bütün bunlar Azərbaycanı böyük  savaşa sövq edən addımlardır.   
Ermənistanla danışıq aparmağın mənasız olduğunu elə XİN rəhbəri də açıq şəkildə ifadə edib. Sentyabrın 23-də Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclası keçirilib. Xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxışında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişə baş qaldırandan bəri İƏT Azərbaycana qarşı təcavüzü pisləyərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyən, o cümlədən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirməyə çağıraraq prinsipial mövqe nümayiş etdirib.
Azərbaycanın haqlı mövqeyi ilə həmrəylik nümayiş etdirdiklərinə və ona dəstək olduqlarına görə İƏT üzv dövlətlərinə minnətdarlığını bildirən nazir deyib: "Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də işğal altındakı ərazilərə qanunsuz səfəri zamanı Azərbaycanın ayrılmaz hissəsini - Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatı ilə əlaqədar ciddi narahatlığımızı ifadə edir və bunu qəti şəkildə pisləyirik. Çıxışında N.Paşinyan günahsız insanların beynəlxalq səviyyədə sənədləşdirilmiş qətliamına, bir milyondan çox azərbaycanlı mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına səbəb olan münaqişənin nəticələrini məmnunluqla dilə gətirib. O, həmçinin ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqların məqsədini ”müharibənin... nəticələrini qorumaq" kimi səciyyələndirərək utanmazcasına təhrif edib. Bu addım Ermənistan hökumətinin müxtəlif üzvləri tərəfindən səsləndirilən "bir qarış torpağın” da Azərbaycana qaytarılmaması və "yeni ərazilər üçün yeni müharibə” kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə erməni sakinlərinin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərini qeyri-qanuni istismar edən Ermənistan tərəfindən aparılan fəaliyyətin davamı kimi atılıb. Onların son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması kimi məsuliyyətsiz yolu davam etdirir".
ATƏT çərçivəsində aparılan vasitəçilik səylərinin bu günədək heç bir nəticə vermədiyini təəssüflə vurğulayan E.Məmmədyarov bildirib ki, atəşkəs rejiminə baxmayaraq, Ermənistan Azərbaycanın cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərinə, Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumları davam etdirir. İşğalçı ölkə danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır. Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinə münaqişəni uzatmaq üçün hər hansı bir fürsət verməməlidir. Ermənistanın məsuliyyətsiz davranışı fonunda sülh danışıqlarının gələcəyi, dərin narahatlıq doğuran bu məsələ beynəlxalq birliyin, o cümlədən İslam ümmətinin qətiyyətindən asılıdır. "Bu xüsusda biz İƏT üzv dövlətlərinin Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün effektiv siyasi və iqtisadi tədbirlər görəcəyini gözləyirik. İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupuna üzv dövlətlər tərəfindən münaqişə ilə bağlı qətnamələrinin icrasının qiymətləndirilməsi və bu istiqamətdə əməli addımların atılması üçün faydalı bir mexanizm olaraq böyük əhəmiyyət verir və bütün üzv dövlətləri qrupun işinə töhfə verməyə çağırırıq”, - deyə E.Məmmədyarov bildirib.
Bəzi müşahidəçilər təmas xəttindəki təxribatın arxasında üçüncü qüvvənin dayandığını güman edirlər. Hesab olunur ki, ABŞ-ın Qarabağ danışıqlarında təşəbbüsə yiyələnməsi konkret olaraq Rusiyanın maraqlarına daxil deyil. Bu mənada iyun ayındakı Vaşinqton görüşü ərəfəsində təmas xəttində hərbçimizin qətlə yetirilməsi də məhz bununla əlaqələndirilir. Hesab olunur ki, Kremlin himayə etdiyi Qarabağ separatçıları gərginliyi tətikləməklə danışıqlarda irəliləyişin əldə olunmasına maneə yaradırlar. Ancaq fərqli yanaşmalar da var.
"Mən Azərbaycan Ermənistan sərhədindəki gərginliyi və bir əsgərimizin öldürülməsini Paşinyanın ABŞ-a səfəri ilə əlaqələndirməzdim. İşğalçı ölkə hər gün atəşkəsi saysız-hesabsız dəfə pozur və əlinə imkan düşən kimi adamlarımıza atəş açır. Həm də yalnız əsgərlərimizə deyil. Hətta uşaqlarımız belə, hər an erməni gülləsinin yağışı altındadır”.
Politoloq Qafar Çaxmaqlı bu fikirləri "Yeni Müsavat”a açıqlamasında bilirib. Ekspertin sözlərinə görə, nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, bu vəziyyət belə də davam edəcəkdir: "Bu dəyişdirmək üçün bizim hansısa planımızın olduğunu mən bilmirəm. Müdafiə nazirimiz bir neçə gün öncə ciddi və diqqətə alınacaq bəyanat vermişdi. Yaxın günlərdə müharibə anonsu vermişdi. Bəlkə də ermənilərin əsgərimizi şəhid etməsi bu hərəkətə cavabdır. Bu hərəkətlərə cavab vermədikcə düşmən daha da azğınlaşır. Ona da inanmıram ki, hansısa qüvvə var və gərginlik yaratmaq istəyir, belə gərginliyə səbəb olacaq durumun olması isə heç də Ermənistanın xeyrinə deyil, bunu Rusiyanın etməsini qəsd ediriksə, Rusiya öz müttəfiqini niyə gərginlikdə saxlasın ki? İşğal davam etdikcə belə itkilərimiz olacaq. Atəşkəsdən indiyicən nə qədər şəhid vermişik. Bəlkə də bu illər ərzində bir dəfə qərarlılıq göstərilsəydi, bu qədər şəhid olmazdı. İnanıram ki, şəhidimizin qanı yerdə qalmayacaq. Bütün Qarabağ şəhidlərinin ruhunu şad etmək üçün isə torpaqlarımızdan bu yadelli ünsürlər təmizlənməlidir”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən danışıqlarda, gözlənildiyi kimi, müsbət nəticə olmadı: "Halbuki rəsmi Bakının humanitar aksiya məsələsində razılığın əldə olunması ilə bağlı bu görüşdən gözləntiləri var idi. Erməni tərəfinin təxribatı, əsgərimizin şəhid edilməsi bu görüşə kölgə saldı. Hesab edirəm ki, üçüncü qüvvə xüsusilə Rusiya ABŞ da danışıqlarda hər hansı bir razılaşmanın əldə olunmasına qarşıdır. Moskva Paşinyanın Qarabağla bağlı hər hansı bir müsbət siyasətinin qarşısını alacaq. İmkan vermir ki, Qərb prosesdə təşəbbüsü ələ alsın. Burada Ermənistan daxilində qüvvələr də aktivdir və Qarabağ klanı işğal olunmuş ərazilərdə çalışır ki, bununla mümkün danışıqları pozsun”. M.Əsədullazadə qeyd etdi ki, Paşinyan sərt ritorikaya üstünlük verməklə bütün danışıqları fiaskoya uğradır: "Nyu-York danışıqları da fiaskodur. Hesab edirəm ki, rəsmi Bakı beynəlxalq birliyə erməni təcavüzü ilə bağlı məsələni ciddi qaldırmalı və cəbhə xəttində işğalçıya zərbələr endirməlidir. Çünki mümkün diplomatik danışıqlar səmərəsiz və gündəmsizdir. Ona görə də status-kvonu qoruyub saxlamaq əleyhimizədir. Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişə bilmirsə, rəsmi Bakı məsələni hərbi müstəviyə qaldırmalıdır. Belə olmadıqda, Ermənistan işğalı davam etdirəcək və danışıqlarda manipulyasiya edəcək. Paşinyan Qarabağın azadlığına hazır deyil. Hesab edirəm ki, Azərbaycan danışıqları bir müddət dayandırmalı, hərbi müstəvidə təzyiqlər etməlidir. Bundan sonra Ermənistan kompromisə gedər”.
Pakistan dünya ictimaiyyətindən Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməyə məcbur etməsini tələb edir. AzərTAc xəbər verir ki, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi İslam Əməkdaşlıq Təşkilatının BMT Baş Məclisi çərçivəsində keçirilmiş qrup görüşündə dünyanın Ermənistana Azərbaycan ərazilərini azad etməsi və işğala son qoyması üçün daha çox təzyiq göstərməsini tələb edib. O qeyd edib ki, Pakistan Azərbaycanı dəstəkləyir və Ermənistan kimi təcavüzkar qüvvələrin dünyadakı əsas güclər tərəfindən sərt şəkildə qınanılmadığı təqdirdə sülhü bərqərar etmək mümkün olmayacaq. Qureşi əlavə edib ki, Dağlıq Qarabağın on illiklər boyunca insanların əzab-əziyyət çəkməsinə səbəb olmuş bir yanar atəşdir. Kəşmir və Dağlıq Qarabağ oxşar hallarla üzləşib. Nazir Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı dərhal tərk etməsini tələb edib.