İdmançıları intihara aparan səbəblər – Psixoloq vacib məqamlara toxundu
Xəbər verdiyimiz kimi, dünən Litva milli komandasının sabiq futbolçusu Arturas Rimkyaviçyus intihar edib. Azərbaycanda da indiyə qədər canlarına qıyan xeyli sayda idmançı adı çəkmək olar. Məsələn, Azerbaycan Capoeira Federasiyasının üzvü Nurlana Əhmədova, samboçu, ikiqat Avropa çempionu olan Rəşad Dünyamalıyev, budo idman növü üzrə Dünya və Avropa çempionu İftixar Məhərrəmov və.s idmançıalrımızı bu siyahıya əlavə etmək olar. Bəs, idmançıların intiharlarının qarşısını öncədən almaq üçün hansı tədbirlər həyata görülməlidir, akademiyalarda onlar necə hazırlanmalıdır? Bununla bağlı “Yeni Sabah”a danışan psixoloq Orxan Fərəcli psixoloq və məşqçinin bu işi öz öhdəsinə götürməli olduğunu bildirib: “İdmançılar bu sahə ilə uşaqlıqdan məşğul olduğu üçün onların kiçik yaşlarından psixoloqu olmalıdır və ya məşqçiləri bu işlə məğlul olmalıdır. Yarışlara psixoloji cəhətdən hazırlanmalıdır. Kollektivdə necə davranmaları aşılanmalıdır, ümumi hazırlıq keçirilməlidir. Burada məşqçinin özü də uşaqlara düzgün yanaşmalıdır, psixoloji durumu yerində olmalıdır. Yaş irəlilədikcə də onlar şəxsi psixoloq nəzarətində olmalıdırlar. Əgər psixoloq yoxdursa, bu işi məqşçi öz üzərinə götürməlidir. İstər yarışlara öncədən hazırlıq olsun, istər yarışlar zamanı idmançı motivasiyadan düşməməlidir. Buna nəzarət edilməlidir. Çünki bütün hallarda intiharlar depresiya nəticəsində baş verir. Ard-arda məğlubiyyətlər, uğursuzluq seriyası ola bilər və bunun fonunda depresiya yaranır ki, bu da intihara gətirib çıxardır. Federasiyadakı psixoloqlar bunu əvvəcədən bilməli, vaxtında aşkarlamalıdırlar. Ən önəmli məqamlardan biri də budur ki, məşqçilərin özü də psioxloji dərslər almalıdır və idmançıların fərdi psixologiyasına bələd olmalıdır. Bunun üçün də seminarlar təşkil edilməlidir. Hansısa idmançının özünə qapanıq olması halı belə varsa, bu öncədən çözülməlidir”. “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov da “Yeni Sabah”a açıqlamasında bu barədə danışıb. O, futbolçuların psixoloji durumu ilə məşğul olan xüsusi şəxslərin olduğunu bildirib: “Futbolçuların psixoloji durumlarına nəzarət etmək bizim məşqçi və tərbiyəçi müəllimlərin üzərinə düşən məsələdir. Akademiyamızda 3 tərbiyəçi müəllim var. Eyni zamanda böyük yaş qruplarında 2, kiçik yaş qruplarında 1 məşqçi var. Bu şəxslər sözügedən məsələ ilə məşğul olurlar”.