“Azərbaycan televiziyalarında qeyri-ciddilik hakimdir”
Bu gün mediada və sosial şəbəkələrdə ölkə telekanallarının qeyri-qənaətbəxş vəziyyəti, verilişlərin müasir tələblər səviyyəsindən geri qalması, auditoriyanın tələb və maraqlarına cavab verməməsi, TV aparıcılarının efirdə yol verdikləri yanlış davranışlar geniş müzakirə olunur. Yerli televiziyaların xoşagəlməz durumu, auditoriyanın narazılığına səbəb olan qeyri-peşəkar, qıcıqlandırıcı fəaliyyəti ciddi müzakirələrə səbəb olan əsas mövzulardandır.
 
 Elə götürək ötən günlərdə “ARB” TV-nin “Sayqa ilə” proqramında yaşananları. Belə ki, həmin proqrmda 24 yaşlı gəncin müğənni Afaq Aslana evlilik təklif etməsi və “yox” cavabı alınca “ürəyi getməsi”, yerə yıxılması bir neçə gün sosial şəbəkələrdə müzakirə olundu. Teleməkanda yaşanan bu rəzilliyə cavab isə İctimai Televiziyada yayımlanan “3 D” proqramında verildi. Eyni hərəkəri burada da edən oğlana proqramda katibə obrazını yaradan xanım “ay oğlan, qalx ayağa, veriliş qutardı” deyib və oğlan isə “qonorarımı hardan ala bilərəm?” cavabını verib.
 
Teleməkanımızda yaranmış və davam etməkdə olan belə mənfi tendensiyanın səbəbi nədir? Bu mənfilikləri aradan qaldırmaq üçün nə etmək lazımdır?
 
Media eksperti, BD-nun TV və radio jurnalistikası kaferasının baş müəllimi Zeynal Məmmədli mövzu barədə Modern.az-a danışıb.
 
“Mən konkret bu hadisələri müşahidə etməmişəm, amma ümumilikdə qeyri-ciddilik, çox təəssüf ki, Azərbaycan televiziyalarında hakimdir. İstər özəl televiziyaların, istər büdcədən maliyyələşən televiziyaların verilişlərinə baxanda çox ciddi qeyri-peşəkarlıq görürsən. Televiziyalardakı qeyri-ciddilik məsələsinə əsas səbəb peşəkarlığın olmaması və gündəmi tutmaq niyyətidir. Gündəm tutmağın, gündəm yaratmağın başqa siyasi kökləri var. Çünki bizdə gündəm yaratmaqla reklam bazarından reklam qazanmaq mümkün deyil. Bizdə sərbəst bazarın əlamətləri var, amma özü yoxdur. Ona görə də Azərbaycanın media-reklam bazarı ilə bağlı ciddi söz demək mümkün deyil. Onun qədəri, paylanması, bütövlükdə hansısa telekanalın reytinqnin yüksək olması haqqında ictimaiyyət xəbərsiz qalır”.
 
Tele-tənqidçi bildirib ki, ictimaiyyət bundan xəbərsiz olanda telekanallar reklam bazarından bəlli bir pay qoparmaq üçün verilişlər verməlidir.
 
“Lakin onlar üçün sırf siyasi verilişlər risklidir. Sosial həyatla bağlı tok-şoular verilə bilər. Bizdə o qədər sosial problem var ki! Məsələn, təhsilin səviyyəsi, uşaq bağçaları nə gündədir?! Azərbaycan dilində uşaq bağçaları azalmaqdadır. Bunların hamısı çox ciddi məsələlərdir. Azərbaycan dilinin işlənmə səviyyəsi Sovet hakimiyyəti dönəmindəki vəziyyətdən aşağı düşüb. Bu, o mənaya gəlir ki, orta məktəbi bitirən uşaqların söz ehtiyyatında 400-500-dən çox söz olmur. Bunun bir çox səbəbləri var. Bu məsələləri gündəmə gətimək əvəzinə baş qatırlar. Yəni bütün bunlar - maqazin tipli xəbərlər  sarı jurnalistikanın və vulqar jurnalistikasının üsullarıdır. Bu gün cəsrətlə və birmənalı demək olar ki, Azərbaycan televiziyalarında siyasi baxımdan vulqar televiziyanın, digər sosial problemlərlə bağlı verlişlərdə isə sarı jurnalistikanın üsulları oturub. Burada həmçinin diqqət çəkmək məsələsi də var.
 
Səbəb yuxarda sadaladığınız hadisələrin getməsi deyil, “niyə” getməsidir. Bütün bunlarla əlaqəli tədbirlər görülə bilər, lakin görülmür. Bu tədbirləri kimlər görə bilər? Universitet müəllimləri yığıla bilərlər bir yerə, bir həll tapa bilərlər, amma eləmirlər. Elmlər Akademiyası deyilən bir qurum var ki, heç yada düşmür, onlar çıxış yolu tapa bilərmi?! Tapmırlar. Teatr və mədəniyyət xadimləri bu siyasi birliyi edə bilər, lakin etmirlər. Milli Televiziya və Radio Şurası həll yolu tapa bilər. Lakin MTRŞ hərdən bir tənqid edir və çıxış yolu göstərir. Ciddi iş görülmədən bu iş deyingənlik səviyyəsində də qalacaq”.