Gürcüstanın Baş Naziri: “Müharibə həll yolu deyil”
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Gürcüstan və Rusiya xarici işlər nazirləri arasında ötən gün baş tutan görüşə münasibət bildirib.
Baş Nazir deyib ki, bu görüş Gürcüstan və Rusiya arasında ən mürəkkəb problemlərin həllinə kömək edəcək.
Onun sözlərinə görə, ölkələr arasında mövcud olan problemin həllinin yeganə yolu tərəfdaş ölkələrlə yaxın əməkdaşlıqdır: “Aydındır ki, bu problemin yeganə həll yolu beynəlxalq qaydalar, beynəlxalq hüquq və bizim tərəfdaşlarımızla yaxın əməkdaşlıqdır. Bu gün biz anlayırıq ki, müharibə həll yolu deyil”.
Qeyd edək ki, ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının  74-cü sessiyası çərçivəsində İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Gürcüstan Xarici İşlər naziri David Zalkaliani arasında görüş baş tutub. Görüşdə əsas müzakirə mövzusu Gürcüstanın işğal edilmiş ərazilərindəki vəziyyət olub. Görüşdən sonra açıqlama verən D. Zalkaliani bildirib ki, S. Lavrovla görüş strateji tərəfdaşlarla məsləhətləşmədən sonra keçirilib.(APA)