Avtobusların gecə reysləri bərpa edilir - təhlükəni necə önləməli
Ekspert: “Gecə reyslərində işləyəcək  avtobuslarda taxoqraflar quraşdırılmalıdır”
Nazirlər Kabineti doqquz illik qadağanı  ləğv etdi. Bakıdan rayonlara işləyəcək avtobusların gecə reysləri bərpa olunur. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək, onların daha tez və qısa zamanda mənzil başına çatmasına imkan yaratmaqdır. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev jurnalistlərə bildirib.
DANX-nin rəis müavini bildirib ki, əsasən Bakı-Gəncə-Bakı, Bakı-Mingəçevir-Bakı, Tərtər- Bakı, Bakı-Qırmızı körpü-Bakı bu istiqamətlər üzrə gecə reysləri fəaliyyətə başlayır: 
“Sürücülər xüsusi təlim keçiblər. Bir reysdə iki sürücü iştirak edəcək. Dar zolaqlı olan magistral yollarda və relyef çətin olan yerlərə biz icazə verməyəcəyik. Bunu istisna eləmişik”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da  bildirib ki, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iritutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.
Qeyd edək ki, gecə reysləri ilə bağlı qəzaların sayının çox olması bu məsələdə daha diqqətli olmanı tələb edir. Hökumət məhz bunu nəzərə alaraq, gecə reysləri ilə bağlı özəl qaydalar müəyyənləşdirib.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti Azər Allahverənov bildirdi ki, gecə reysləri zamanı baş verən qəzaların müxtəlif səbəbləri var idi: 
“Əksər hallarda gecə reysi bir sürücü tərəfindən idarə edilirdi. Yol infrastrukturu yetərli deyildi və sair. Məhz bu səbəbdən 2010-cu ildə gecə reysləri rəsmi şəkildə qadağan olundu. Burada söhbət avtovağzaldan-avtovağzala prinsipi ilə işləyən reyslərdən gedir. Ancaq hamı bilir ki, gecə reyslərin həyata keçirilirdi, müxtəlif daşıyıcı şirkətlər var idi ki, bu prosesdən yayınmağa çalışırdılar. Onlardan bəziləri cərimələnsə də, yenə də var idi. Çünki gecə reysinə çıxmaq istəyən kifayət qədər insan var, əhali arasında buna tələbat var. Onlar da gecə reyslərini həyata keçirən qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə müraciət edirdilər. Kiçiktutumlu mikroavtobuslar, hətta avtobuslar belə o reyslərə çıxırdılar. Avtovağzaldan avtovağzala hərəkət etsələr də, sərnişinləri müxtəlif müəyyən olunmuş yerlərdən götürür, təyin olunmuş ünvana çatdırırdılar. İndi bununla bağlı bizim aidiyyəti strukturlar araşdırma aparırlar və faktları aşkara çıxartdılar ki, gecə reysləri nə üçün təhlükəlidir. Aidiyyəti strukturlar gecə reysləri ilə bağlı preventiv tədbirlər həyata keçirirlər. Birincisi, gecə reysləri üzərində nəzarət dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilməli və bunun üçün də həmin avtobuslarda taxoqraflar quraşdırılmalıdır. İkincisi, uzaq məsafələrə olan  gecə reysləri iki sürücünün iştirakı ilə həyata keçirilməlidir. Bir sürücü  sürərkən digəri dincəlir və onlar növbətçiliklə avtobusu idarə edirlər”.
A.Allahverənovun sözlərinə görə, artıq yol infrastrukturu da müvafiq tələblərə cavab verir: 
“Mən özüm gecə reysində məhz bu prinsiplə işləyən beynəlxalq avtobusda hərəkətdə olmuşam və görmüşəm ki, bu həqiqətən də effektiv yoldur. Üçüncü bir element isə odur ki, bəzi istiqamətlərdə bizim yol infrastrukturumuz artıq gecə reyslərinin həyata keçirilməsinə imkan verir. Bunlar çoxzolaqlı , sürətli yollardır. Həm də əks istiqamətləri bir-birindən xüsusi maneələrlə ayrılmış yollardır ki, burada bir istiqamətdə gedən avtomobillərin digərinin yoluna çıxması halı baş vermir. Yol infrastrukturu da buna uyğundur. Nisbətən yeni və təhlükəsizlik tələblərinə cavab verən avtobusların xəttə buraxılması da önəmli məsələdir.  Həmçinin avtovağzaldan avtovağzala prinsipi təmin olunmalıdır. Bu qeyd etdiyim məsələlər artıq öz həllini tapıb, aidiyyəti strukturlar bununla bağlı məlumat verirlər. Belə olduğu təqdirdə gecə reyslərinin pilot layihə olaraq icra olunması, buna start verilməsi həm də gecə yola çıxmaq istəyən sərnişinlərin də ürəyincə olan məsələdir. Sərnişinlər rayona hər hansı məsələni həll etmək üçün gedirsə gündüz yola çıxıb bir günü yolda itirmək və gecəni orada qalmaqla növbəti gün işini həll etmək istəmir, gecə reysi ilə gedərək səhər erkən saatda ünvana çatır. Bu səbəbdən qanunsuz fəaliyyət göstərən gecə reyslərinə müraciət edirdilər. İndi isə artıq bu məsələ qanun çərçivəsində həllini tapdı”.
Ekspert onu da vurğuladı ki, istənilən halda reysə çıxan sürücülər həkim tərəfindən tibbi müayinədən keçməlidirlər: 
“Hər avtobusda bir həkim olmasa da, ümumi tibbi ləvazimatlarla təmin edilməlidir. Ən əsası isə hər bir sürücüyə ilkin tibbi yardım öyrədilməlidir, hər bir sürücünün bu bacarıqları olmalıdır. Bununla bağlı ciddi hazırlığı olmayan sürücü xəttə buraxılmamalıdır. Həmçinin qrafik elə qurulmalıdır ki,  gecə reysinə çıxan sürücüyə dincəlmək üçün zaman verilsin”.