Bakının ZİBİL DƏRDİ - Necə həll etməli?
Bakının müxtəlif yerlərində vaxtında təmizlənməmiş zibil qalaqlarını görmək adi haldır. Yaxud zibil qutularının kənarlarının bərbad vəziyyətdə olması, zibildən axan suyun hətta 10 metr kənarı belə pis qoxulu şirəli su ilə çirkləndirdiyini şəhər sakinləri hər gün müşahidə edir. Zibil qutularının qoyulduğu ərazilər vaxtlı-vaxtında dezinfeksiya olunmalıdır. Amma tullantıların daşınmasında xidmət göstərən qurumlar bunu da etmir.
Respublika Gigiyena və Epidemiologiya İdarəsindən bildirilir ki, dezinfeksiyanı həyata keçirmək üçün təmizlik xidmətləri ilə müvafiq müqavilə bağlamalıdır. Amma onlar bunu çox zaman etmir. Əhali isə zibil problemi ilə bağlı bəzən kimə müraciət edəcəyini bilmir. Çünki tullantıların daşınması ilə həm Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, bəzi ərazilərdə bələdiyyə, Təmizlik İdarəsi və digər qurumlar məşğul olur. Nəticədə, “gəlinlərin sayının çox olduğu ev süpürlməmiş qalır” fikri yada düşür.
Yəni bu sahədə məsuliyyəti bir başqasının üstünə atmaq üçün kifayət qədər geniş seçim var. Əslində tullantıların təmizlənməsi ilə bir qurumun məşğul olması bu problemi aradan qaldıra bilər. Görəsən, bizdə bu sahə tamamilə bələdiyyəyə həvalə olunsa, problem həllini tapa bilərmi? Bu prosesə nə mane olur?
Mövzu ilə bağlı Lent.az -ın suallarını Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev cavablandırıb.
O bildirib ki, tullantıların təmizlənməsi sahəsində bələdiyyələrin fəaliyyəti var, amma bələdiyyələr bu işdən heç bir gəlir götürmürlər: “Bələdiyyələr dəfələrlə təşəbbüs qaldırıblar ki, tullantıların yığılması, daşınması, zərərsizləşdirilməsi onlara həvalə edilsin. Amma bu işi həyata keçirmələri üçün dövlətin müvafiq idarələrə ayırdığı pulun müəyyən hissəsinin onlara verilməsi şərti ilə. Bu məsələ hələ ki həll olunmur. Buna baxmayaraq, bələdiyyələr yenə də bu sahədə işlər görürlər”.
Deputatın sözlərinə görə, tullantıların idarə olunması işinin bələdiyyələrə həvalə olunduğu ölkələrdə onların müəyyən texniki vasitələri, tullantının yığılması, zərərsizləşdirilməsi ilə bağlı müəyyən imkanları var: “Bizdə bələdiyyələrə bu imkan yaradılmayıb. İmkan yaradılsa, bələdiyyələr bu işi həyata keçirə bilərlər, onlar həm də bunun üçün maraqlıdırlar. Təklifləri hələ ki reallaşmadığından zibilləri təmizləməyi boynuna götürən təşkilatlara kömək məqsədilə bu işləri həyata keçirirlər. Halbuki bunun üçün nəzərdə tutulan vəsait bələdiyyəyə daxil olsa, onlar bu işin öhdəsindən gələ bilərlər. Məsələn, mənim yaşadığım küçədə bələdiyyələr bu işlə məşğul olur. Ancaq müvafiq təşkilatlarla birgə. Bələdiyyələrin öz ərazilərini təmiz saxlamaları ilə bağlı məsələ qanunlarında vəzifə kimi təsbit olunub. Bələdiyyə buna cavabdehdir. Amma başqa qurumlar da bu işlə məşğul olur və buna görə pul alırlar. Gələcəkdə struktur dəyişiklikləri aparılmalı, maliyyə vəsaiti ayrılmalı, avadanlıqlar verilməli və bundan sonra bu iş bələdiyyələrə tapşırılmalıdır”.