Gürcüstanın xarici borcu artıb
Gürcüstanın ümumi xarici borcu 18,2 milyard dollara çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib. Bildirilib ki, bu, son dörd rübdə Gürcüstanın ÜDM-in 113,2 faizini təşkil edib.

Hesabatda qeyd olunub ki, təkcə cari ilin ikinci rübü ərzində Gürcüstanın ümumi xarici borcu 385,3 milyon dollar artıb.

Bu ölkənin xarici borcunda 7,5 milyard dollar hökumətin borcudur ki, bu da ÜDM-in 46.9 faizinə bərabərdir. Xarici borcdan 5.4 milyard dollar dövlət sektorunun, 415.5 milyon dollar Gürcüstan Milli Bankının öhdəliklərinin, 826.4 milyon dollar isə korporativ istiqrazlar və kreditlərin payına düşüb.

Hazırda Gürcüstan bank sektorunun xarici borcu 4,4 milyard ABŞ dolları təşkil edir. Digər sektorların borcu isə 4,7 milyard ABŞ dollarına bərabərdir.

30 iyun 2019-cu il tarixində Gürcüstanın xalis xarici borcu isə 10,4 milyard dollar təşkil edib. Bu, son dörd rübdə bu ölkənin ÜDM-in 65,0 faizini təşkil edib. Hazırda dövlət sektorunun xalis xarici borcu 3.8 milyard dollardır ki, bu da ÜDM-in 23.4 faizini təşkil edir.