Qadınlar Böyük Britaniya baş nazirinin başına dərd olub
Böyük Britaniya baş naziri Boris Conson siyasi karyerasının ən çətin günlərini keçirir. “Breksit” məsələsində ard-arda məğlubiyyət yaşamasından əlavə onun başı indi də vaxtilə sataşdığı iddia edilən qadınlarla dərdə girib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Şarlott Edvards adlı birtaniyalı jurnalist qadın “Sunday Times” qəzetinə verdiyi müsahibədə 20 il bundan öncə Boris Consonun ona təcavüzkar hərəkət etdiyini deyib. Belə ki, hazırkı baş nazir 1999-cu ildə “The Spectacor” qəzetinin baş redaktoru olduğu zaman bir iclas zamanı dəfələrlə əli ilə onun ayaqlarına toxunub. Baş nazirin ofisi Şarlott Edvardsın söyədiklərini dərhal inkar edib. Lakin bununla bağlı reaksiyalar özünü çox gözlətməyib. Müxalif Leyboristlər partiyasının kölgə kabinetinin Qadın haqları və bərabər hüquqlar üzrə naziri Don Batler xəbərin həm şokedici, həm də məyusedici olduğunu söyləyib. Maraqlıdır ki, baş nazirin ətrafındakı insanlar yeni məlumata olduqca qəribə şəkildə yanaşıblar. Məsələn, Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok əvvəlcə bu cür hekayələrin mətbuatda həddindən çox olduğunu bildirib. “Boris heç vaxt insanlara şəxsi həyatda nə etmək lazım olduğunu diktə edən adam olmayıb”,- deyə nazir Mühafizəkarlar partiyasının Mançester şəhərində keçirilən qurultayında liderini bu sözlərlə “müdafiə edib”. Lakin daha sonra eyni Henkok Şarlott Edvards barədə müsbət cümlələr işlədib. “Mən Şarlottu tanıyıram və onun hər söylədiyinə inanıram”,-deyə səhiyyə naziri gözlənilmədən bəyan edib. Qadın jurnalistin danışdığı əhvalat 20 ilə gedib çıxdığı üçün burada Boris Consona qarşı hansısa təhqiqatdan söhbət gedə bilməz. Lakin Boyük Britaniya tarixində bu cür qalmaqallı faktlara görə siyasətçi və məmurlaırn istefa etməsi halları artıq mövcuddur. Məsələn, keçmiş müdfiə naziri Maykl Fellon 15 il öncə baş vermiş sataşma hadisəsinə görə vəzifəsindən getməli olmuşdu. Həmin vaxt Culiya Hartli Bryuer adlı jurnalist Maykl Fellonun bir müsahibə zamanı “dəfələrlə onun dizlərinə sürtdüyünü” söyləmiş, o anda nazirə “bir də toxunması halında şillə vuracağını” dediyini bildirmişdi. C.Bryuerin müsahibəsindən iki gün sonra Maykl Fellon belə bir mühüm postla vidalaşmalı olmudu.