“Məni dəhşətə gətirən bu idi ki, uzun illər MTN-də bu məsuliyyətli posta Elçin Quliyev kimi ağciyər bir zabit rəhbərlik edib”
Bu yaxınlarda sabiq müstəntiq və siyasi məhbus , Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov "feysbuk" sosial şəbəkəsindəki profilində onunla birlikdə 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan MTN generalları barədə növbəti xatirələrini yazıb. Qeyd edək ki, Rüfət Səfərov bundan öncəki yazısında Kürdəxanı təcridxanasında özünü asdığı deyilən MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin kamera yoldaşı haqqında yazmışdı. Rüfət Səfərovun ikinci yazısının “qəhrəmanı”isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev olub.Xatırladaq ki, Rüfət Səfərov özü Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. 2015-ci ilin dekabrın 20-də ölkənin hüquq mühafizə sistemində baş verən qanunsuzluqlara, korrupsiya və rüşvətxorluğa qarşı etiraz edərək tutduğu vəzifədən istefa verib. 2016-cı ilin yanvar ayının 15-də Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib. 6 gün sonra o, ev dustaqlığına buraxılıb. Lakin buna baxmayaraq, Rüfət Səfərov yenə də tənqidi yazılarını davam etdirib. 2016-cı ilin sentyabrın 8-də yalançı şahidləri onun üzərinə qoyaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin martında prezidentin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb. Xatırladaq ki, Rüfət Səfərovun barəsində danışdığı E.Quliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə quldurluq, hədə-qorxu ilə tələb etmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə - Cinayət Məcəlləsinin 20-dək maddəsi ilə təqsirləndirilərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra Nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilmişdi.

Bu vəzifədə təxminən bir ay işləyəndən sonra 2015-ci ilin dekabrında , o da həbs olundu.
Sabiq müstəntiq ikinci yazısında “taçkavoz” vəzifəsini yerinə yetirən İmran adlı həmin şəxsin 9-cu “zon”a gəlişinin həbsdəki generallar üçün necə qorxu yaratmasından yazıb. Sabiq müstəntiq bildirir ki,həbsdəki MTN generalı E.Quliyev zəhərləndirilmə qorxusu yaşayır və intihar edən müavininin kamera yoldaşından – İmrandan ehtiyat edirmiş. “Məni dəhşətə gətirən bu idi ki, uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi kimi məsuliyyətli, iradə və səbir tələb edən, az qala bütün Azərbaycan üçün cavabdehlik daşıyan posta Elçin Quliyev kimi ağciyər, çətinlik qarşısında özünü buraxan, iradəsiz bir zabit rəhbərlik edib. Adamın şəxsi məziyyətləri ilə tutduğu postun öhdəlikləri arasında diametral ziddiyyəti görməmək mümkün deyildi”,- Rüfət Səfərov yazır. Həbsdəki MTN generalının zəhərləndirilmə qorxusu- (ELÇİN QULİYEV İNTİHAR EDƏN MÜAVİNİNİN KAMERA YOLDAŞINDAN EHTİYYAT EDİR-https://www.gununsesi.org/ həbsdəki-mtn-generalinin-z%C9%99h% C9%99rl%C9%99ndirilm%C9%99 si-qorxusu/)


Amma vaxtı ilə Elçin Quliyev böyük sayda insanları qorxu altında saxlayırdı ,MTN-də bir çoxlarına çəkinmədən işgəncələr veirirdi, onun kəsdiyi başa sorğu-sual yox idi.

Vaxtı ilə onun işgəncələrinə məruz qalan şəxalərdən biri də jurnalist Pərviz Həşimli olub.Pərviz Həşimli 2014-cü ildə saxta itiihamlarla,sifarişlə həbs edilərək 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Jurnalisti 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs etmişdilər. O, 2016-cı ilin martında prezidentin qərarı ilə əfv edilib.
Pərviz Həşimlinin atası Kamran Həşimov oğlunun həbsilə bağlı keçirdiyi mətbuat konfransında bildirmişdi ki, oğluna qarşı irəli sürülən ittihamlar əsassızdır:

“Antiterror Mərkəzinin rəisi Elçin Quliyev istintaqa müdaxilə edir. Hər gün Pərvizin başına qara torba keçirib aparırlar Elçin Quliyevin hüzuruna. O da deyir ki, bizim dediklərimizi eləməlisən. Pərvizi döyürlər, psixoloji təzyiq edirlər. Amma mən demişəm, oğlum heç kimə böhtan atası deyil. Elçin Quliyev qanunları pozur. Pərviz girov saxlanılır”. (https://musavat.com/news/ media/ perviz-heshimli-girovluqda- saxlanilir_175526.html)

Qeyd edək ki, 9 saylı cəzaçəkmə müəssisəsində həm də jurnalist Mahmud Rasimoğlu həbsdə saxlanılır.
Bildiyiniz kimi jurnalist Mahmud Rasimoğlu həmkarı Pərviz Həşimli kimi saxta ittihamlar əsasında həbs olunub və Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hökm başdan-ayağa kobud qanun pozuntuları ilə çıxarılıb.
Xatırladaq ki,Mahmud Tağıyev Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcovun sifarişi ilə həbs olunub. Cinayət işində Mahmud Rasimoğlunun Toğrul Tağıyevi şantaj etməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edilib . “Qafqaz Xəbər Agentliyi”nin rəhbərinə 12 il il həbs cəzası verilsə də nə bu ittiham,nə də ki digər ittihamlar sübuta yetirilməyib.
Dəhşətli orasıdır ki,onunla eyni cəzaçəkmə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 20 maddə ilə tutulan bir general- həmin Elçin Quliyev 10 il həbs cəzası alıb,amma vətəndaşların problemlərini işıqlandıran,cəmiyyətə xidmət edən jurnalistə bir maddə ilə(özü də sübuta yetirilməyən)12 il iş verilir.Baş prokuror Zakir Qaralov tabeliyində olan prokurorun bu ədalətsiz qərarına necə və niyə göz yumur ?!Həqiqəti yazan jurnalistləri şərləyib 12 illik həbsə məhkum etmək ,amma saysız –hesabsız qanunsuzluqlar,özbaşınalıq lar etmiş ,milyonlarla manat pul talamış generala isə 10 il iş vermək... Bu cür haqsızlığı Allah götürməz...
Əlbəttə haqq-ədalət bu halda da əvvəl-axır öz yerini tapacaq və jurnalisti sifarişlə həbsə salanlar da Elçin Quliyev kimi ifşa olunacaq ...
Legion.az