Sabiq müstəntiq Rüfət Səfərovun keçmiş MTN generalı haqqında şok açıqlamalar
Bildiyiniz kimi 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan iki ay sonra həmin nazirlik ləğv edildi, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.
Həmin vaxtlar MTN ətrafındakı məlum hadisələr “MTN işi” adı ilə ölkə gündəmini zəbt etdi.
Məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi də bir çox yüksək vəzifəli MTN əməkdaşları kimi vəzifəsindən azad olundu. Elçin Quliyev nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilməsinə baxmayaraq təxminən bir ay keçdikdən sonra o da həbs olundu. O, quldurluq, hədə-qorxu ilə tələb etmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanırdı. Elçin Quliyevin ittiham olunduğu maddələrin sıyahısı təsiredici qədər o qədər çoxsaylıdır ki,onları yazsaq böyük bir yer tutar. Məhkəmədə dövlət ittihamçısı DTX-ya vurulan 7 milyon manatdan artıq ziyanın ödənilməsini tələb edib. Bundan başqa, zərərçəkənlərə vurulan 500 min manatdan artıq ziyanın ödənilməsi istənilib. Uzun sürən məhkəmə posesindən sonra 2017-ci ilin noyabrında Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə Elçin Quliyev xüsusi nəzarət altında gətirilib və məhkəmə zalı yoxlanılıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elçin Quliyev qərardan apellyasiya şikayəti verib.Lakin 2018-ci ilin aprelində keçirilən məhkəmədə uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyevin 10 il 6 aylıq həbsi, rütbəsinin və bir çox əmlaklarının alınması barədə hökm qüvvədə saxlanılıb.
Keçmiş MTN-çilərlə yanaşı, zərərçəkmişlər də hökmdən narazı qalıblar. Zərərçəkmişlərdən Mətləb Mistafayev məhkəmədə bildirib ki, o, Elçin Quliyev və onun müavini, həbsindən iki ay sonra istintaq təcridxanasında intihar etmiş İlqar Əliyevin göstərişi ilə həbs edilib: “Mənim həbsimdən sonra MTN polkovniki olan qardaşım Malik 3 saata yaxın nazirlikdə olub – təxminən 20 dəqiqə mənimlə görüşdə, qalan vaxt isə Elçin Quliyevin qəbulunda. Qardaşım Elçin Quliyevin təzyiqinə görə intihar edib. İntihar etməsəydi, mənim kimi, onu da şərləyib tutacaqdılar”.


Etiraf etmək lazımdır ki,bu qədər maddənin qabağında 10 il 6 ay elə də çox deyil.İndi “MTN işi “mətbuatın gündəmində əvvəlki kimi olmasa da yenə ölkə ictimaiyyəti üçün böyük maraq kəsb etməkdə davam edir.Bu məsələdə hələ açılmamış bir çox mətləblər qalıb.
Elçin Quliyev haqda yenidən söhbət açılmağının bir səbəbi də bu yaxınlarda onun haqda sabiq müstəntiq və siyasi məhbus , Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov "feysbuk" sosial şəbəkəsindəki profilində status paylaşması və Elçin Quliyevin əslində keçmiş MTN-də sıradan bir əməkdaş olmaması,əksinə böyük füqur olmasıdır.
Düzdür, Elçin Quliyevin adı əvvəllər də bir sıra işgəncələrdə,qanunsuzluqlarda hallanırdı.Məsələn, vaxtı ilə Elçin Quliyev böyük sayda insanları qorxu altında saxlayırdı ,MTN-də bir çoxlarına çəkinmədən işgəncələr veirirdi, onun kəsdiyi başa sorğu-sual yox idi.Bu haqda dəfələrlə mətbuat yazıb.
Məsələn,vaxtıilə onun işgəncələrinə məruz qalan şəxslərdən biri də jurnalist Pərviz Həşimli olub.Pərviz Həşimli 2014-cü ildə saxta itiihamlarla,sifarişlə həbs edilərək 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Jurnalisti 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs etmişdilər. O, 2016-cı ilin martında prezidentin qərarı ilə əfv edilib.

Pərviz Həşimlinin atası oğlunun həbsilə bağlı keçirdiyi mətbuat konfransında bildirmişdi ki, oğluna qarşı irəli sürülən ittihamlar əsassızdır:
“Antiterror Mərkəzinin rəisi Elçin Quliyev istintaqa müdaxilə edir. Hər gün Pərvizin başına qara torba keçirib aparırlar Elçin Quliyevin hüzuruna. O da deyir ki, bizim dediklərimizi eləməlisən. Pərvizi döyürlər, psixoloji təzyiq edirlər. Amma mən demişəm, oğlum heç kimə böhtan atası deyil. Elçin Quliyev qanunları pozur. Pərviz girov saxlanılır”. (https://musavat.com/…/perviz-heshimli-girovluqda-saxlanilir…)
Bütün bunlara baxmayaraq açığı Elçin Quliyev haqda məlumatlar indiyəcən, əgər rəsmi məlumatları saymasaq çox bəsit idi.Məhz Rüfət Səfərovun 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan MTN generalları barədə növbəti xatirələrini yazarkən Elçin Quliyevə xüsusi yer ayırması keçmiş generalı yenə gündəmə gətirdi və maraqlı məsələləri üzə çıxardı.Bundan başqa bu statusda Rüfət Səfərov Elçin Quliyevin əsl mahiyyətini,onun qüdrətli görünsə də əslində necə aciz olmasını üzə çıxarıb. Qeyd edək ki, Rüfət Səfərov bundan öncəki yazısında Kürdəxanı təcridxanasında özünü asdığı deyilən MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin kamera yoldaşı haqqında yazmışdı.
Oxucularda müəllifin Elçin Quliyev haqda fikirlərinin böyük maraq doğuracağını nəzərə alaraq həmin statusdan bəzi məqamları olduğu kimi təqdim edirik.


“Dostlar, o hissədə qalmışdıq ki; qısa müddət sonra İmran “9”-a etap olunaraq aylıq 500 manat kirayə haqqı, gündəlik babat gəliri olan “taçkavoz” vəzifəsinə irəli çəkilir...
Ləğv olunmuş MTN-nin generallarısa yəqin ki, gün ərzində 500 dəfə saata baxıb, istintaq təcridxanasının dörd divarı arasında sağa-sola vurnuxurlar. Onlar “zon”un “genişliyini”, “zon”da maraqla onların yolunu gözləyir...
Budur, günün birində hay-küy qopdu, dustaqlar arasında bir canlanma yaşandı: etap var! Özü də kimlər? General-mayor Elçin Quliyev və polkovnik Azər Mehdiyev! Az sonra yeni dustaqlar karantin keçmədən birbaşa “zon”un meydançasında peyda oldular. Əllərini arxalarında çarpazlayıb, göyə-yerə, arxaya-qabağa, sağa-sola məlul-məlul baxırdılar. İlk işləri nədənsə mənlə bağlı oldu: gəldilər, görüşdülər, tanış oldular, ilkin məsləhətlərini verdilər,)) sabahda-zadda çay süfrəsi arxasında daha yaxından tanış olmaq ümidilə getdilər. Söz yox, onların və onlar kimi digər zabitlərin əllərinin bu xalqın qanına bulaşdığını qanmayacaq qədər sadəlövh deyiləm, amma situasiya istər-istəməz ünsiyyəti qaçılmaz etdi. Zaman göstərəcəkdi ki, bu təmasda ictimai fayda da olmamış deyil...
Sonrakı gündə generalın ilk sorğusu “taçkavoz” İmranla bağlı oldu... İmranın da adını çək, qulağını bur; barəsində danışıldığı vaxt söhbətin üstünə gəldi. “Taçka”sı ilə kəskin dönüş edib, anamın göndərdiyi sovqatı stolun üstünə düzdü.
“Elçin müəllim, İmran dediyiniz budur”,-deyə impulsiv reaksiya verdim. “Taçkavoz”da sual dolu nəzərlərlə bir məni, bir də generalı süzdü, dinib-danışmadan iki manatını götürüb növbəti işinin dalıyca getdi...
Artıq mənə gün kimi aydın idi ki, İmran generaldan, general da İmrandan ehtiyat edir. Çünki Elçin Quliyev mərhum müavininin qeyri-müəyyən zəmində ölməsi işində onunla bir kamerada saxlanılmış İmranın rolunu istisna etmirdi. Ona görə də ciddi-cəhdlə “taçkavoz”la savaşa başladı,)) rəis heyətinin qarşısında tələb qoydu ki, İmran işindən kənarlaşdırılsın və ya ona gələn hər hansı sovqata əli belə toxunmasın. Zəhərləyə biləcəyindən bərk narahat idi... Qısa müddət sonra “zon”a qədəm basan digər generallar, xüsusilə də Akif Çovdarov antiİmran kampaniyasına qoşuldu.
Lakin tələb qismən təmin olundu: İmran işinə davam etdi, generallara gələn sovqatsa şəxsən qəbul edildi. “Zon”da dustaqdan tutmuş zabitədək hamı deyib-gülürdü: “taçkavoz” generallara qalib gəldi...”)))
Yadımdadır, həmin zaman baş verənlərə təəccüblə baxan “xlebnik”im Ruslana tacik şairi Əbdürrəhman Caminin yaddaşımda ilişib qalmış bir cümləsini xatırlatdım: ”Yumruq vurmağa adət etmiş adamlar zəiflərin təpiyi altında məhv olurlar.” Elə də oldu, bir müddət sonra “tackavoz” tam qalibiyyətlə “zon”dan çıxdı,)) məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə yollandı, oradan da “aylığa” çıxıb evinə təşrif buyurdu... “Taçkavoz” mövzusunu burada qapadaq, keçək həbsdəki generalların mənəvi-psixoloji durumuna. Məni dəhşətə gətirən bu idi ki, uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi kimi məsuliyyətli, iradə və səbir tələb edən, az qala bütün Azərbaycan üçün cavabdehlik daşıyan posta Elçin Quliyev kimi ağciyər, çətinlik qarşısında özünü buraxan, iradəsiz bir zabit rəhbərlik edib. Adamın şəxsi məziyyətləri ilə tutduğu postun öhdəlikləri arasında diametral ziddiyyəti görməmək mümkün deyildi...

Quliyevin səhhətindəki problemlər aradan qaldırıldıqdan sonra kamerasını dəyişirlər. Bu dəfə dörd dustaqla birgə saxalanılır. Onunla birgə kamerada olan dustlaqlardan biri “zon”da nəql edirdi ki: “Kamerada növbətçi rejimi yaratmışdıq, hər gün birimiz yatmayıb ona nəzarət edirdik... Rüfət, yadımdadır, kameramıza birinci gün buyuranda ağlaya-ağlaya şikayət edirdi: “Bu “pyanska” ( oxu-Eldar Mahmudov) evimizi yıxdı!!!”
Hətta iş o yerə çatibmış ki, yeni kameradakı dustaqlar generalı cırnatmaqçün sözü bir yerə qoyub məzələnməyə start veriblər... Televizorda ayrı-ayrı vəzifəli şəxslər danışarkən onların barəsində son dərəcə təhqiramiz ifadələr işlədərək Quliyevin reaksiyasını bəkləyirmişlər. Generalsa “Sizi mənim yanıma yerləşdiriblər! Bəsdirin! Bu dövlət və onun bütün vəzifəli şəxsləri mənim namusumdur!”,-deyə hayqırırmış... Bir epizodda general dustaqların biri ilə əlbəyaxa da olubmuş... Yəqin ümidvar imiş ki, bu “tərəfkeşliyi” bəlli instansiyalara catacaqdır, mürəkkəb durum bir qədər sadələşəcəkdir... Hmm, insan taleyi...
“Zon”un nəzarətçiləri də Quliyevin əlindən zinhara gəlmişdilər. General sanitar qovşağına belə gedərkən mütləq iki-üç nəzarətçi arxasıyca sürünərdi... İntihar ehtimalı yüksək idi. Gecə səhərədək generalın yatdığı barakın önündəki “voronok”da növbətçi nəzarətçi xidmətdə olmalı idi. Hərçənd ki, Quliyev iyirmi nəfərlik dustaqla bərəbər saxlanılırdı. Amma gecənin bir anında sanitar qovşağında asma işi “uğurla” icra edilə bilərdi...
Söz yox, mənim bir dəfə Elçin Quliyevə sual vermək imkanım oldu: “Siz özünüzə qəsd etməklə qulluq etdiyiniz rejimi şantaj etmək istəyirsiniz, yoxsa, ümumuiyyətlə, yaşamaq istəmirsiniz?“
Anında cavab verdi ki, “Rüfət, artıq gözümə heç nə görünmür, nə iki balam, nə həyat yoldaşım, nə də ki, tək yaşayan 80 yaşlı anam, sadəcə, yaşamaq istəmirəm!”
P. S. İnanıram ki, sonrakı qeydlər hazırkılardan heç də maraqsız olmayacaqdır. İmkan olarsa, təqib edin, dostlar”.
Legion.az