“Həyat yoldaşımı Baş prokurorluğun idarə rəisi Kamal Qılıcov həbs etdirib”
Tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev özünün feysbuk səhifəsində  şərlənərək həbs olunan jurnalist Mahmud Tağıyevlə bağlı status paylaşıb.Həmin statusu olduğu kimi təqdim edirik. “12 il azadlıqdan məhrum edilmiş “Qafqaz” Xəbər Agentliyinin baş redaktoru Mahmud Tağıyevin həyat yoldaşı Kəmalə Tağıyeva aidiyyatı qurumlara və ictimaiyyətə müraciət edərək ərinin azadlığa çıxması üçün dəstək istəyib. O, ərinin həbsi arxasında Baş prokurorluğun idarə rəisi Kamal Qılıcovun dayandığını bildirir. Məsələnin aktuallığını nəzərə alıb Kəmalə Tağıyevin müraciətini diqqətinizə çatdırıram:

“Mənim həyat yoldaşım “Qafqaz” Xəbər Agentliyinin rəhbəri, jurnalist Mahmud Rasim oğlu Tağıyev respublika Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun sifarişi ilə əlaltısı Toğrul Tağıyevin vasitəsilə şərlənərək həbs olunub. Həbs olunmağının əsas səbəbi Kamal Qılıcovun öz əlaltısı Toğrul Tagıyev vasitəsi ilə Mahmud Tağıyevin Bakı şəhəri Mirzə İbrahimov küçəsi 54 ünvanda yerləşən mülkini mənimsəyiblər. Mülkinin qanunsuz olaraq ələ keçirilməsinə etiraz edən Mahmud Tağıyev 03 iyul 2018-ci ildə Kamal Qılıcovun sifarişi ilə “bandotdel” tərəfindən oğurlanaraq işgəncələrə məruz qalıb. Həbs olunarkən səbəb olaraq guya Mahmud Tağıyevin Toğrul Tağıyevi intim videolar ilə şantaj edərək pul tələb etdiyi qeyd olunurdu. Lakin istintaq vaxtı özləri də bu qondarma ittihamın absurdluğunu görərək, Toğrulun xalası oğlu Azəri, dostu Xaliqi və şəriki Elçini guya zərərçəkmiş qismində işə əlavə edirlər.

İş Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun icraatına verilir. Prokuror 12 il cəza tələb edir. Birtərəfli və qərəzli məhkəmə iclaslarının nəticəsi olaraq “hakimlər” absurd 12 il hökm oxuyurlar. Məhkəmə Kamal Qılıcovun sifarişi əsasında heç bir dəlil və sübutları araşdırmadan, Mahmud Tağıyevin əvvəllər məhkum olmaması və himayəsində azyaşlı uşaq olmasına baxmayaraq Cinayət Məcəlləsində nəzərdə tutulan cəzanın (Maddə 182.3.2) ən yüksək həddini verir. Bütün bu proseslər dövründə edilməyən şikayət, gedilməyən qəbul və ünvan qalmır. Hara gedilirsə hamı bir ağızdan sənədlərə baxıb “Ola bilməz, bu iş başdan ayağa saxtadır” deyir. Amma elə özləri saxta olan bu məmurlardan ədalətli qərar gözləmək yəgin ki, gülünc olardı…

3 iyul 2019-cu ildə Apellyasiya məhkəməsi olur və elə ilk oxunuşdan qərarın qüvvədə qalması bəyan olunur. Əlbəttə ki, bu son deyil. Hələ Ali məhkəmə və Avropa məhkəməsi var. Burada düzgün qərar verilməsə belə Avropa məhkəməsinin ədalətli qərar verəcəyinə inanırıq.
Sizləri günahsız həbs olunmuş həyat yoldaşımla bağlı ədalətli qərar çıxarılmasına yardımçı olmanızı xahiş edirəm!”

P.S. Ümid edək ki, aidiyyatı qurumlar, xüsusən Baş prokurorluq və Ədliyyə nazirliyi məsələni araşdıracaq”.

Legion.az