Mandatdan imtina edən deputatı hansı cəza gözləyir? (ŞƏRH)
"Deputatların hüquqi statusu haqqında Azərbaycan Respublikasının qanuna əsasən onlar istənilən vaxtı öz səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Milli Məclis qarşısında məsələ qaldıra bilər. Yəni deputatlara belə bir səlahiyyət verilib ki, müddəti başa çatmadan istənilən vaxt ərizə ilə müraciət edib öz deputatlıq səlahiyyətlərindən imtina etsin".   Bu sözləri Qaynarinfoya vəkil Roman Qaraşov deputat Rəfael Cəbrayılovun mantadan imtina etməsi və borc qalmaqalında üzə çıxan vəsiqə girovluğu faktına görə onu hansı cəzanın gözləməsi ilə bağlı danışarkən deyib.   Roman Qaraşov bildirib ki, burada sənədin girov qoyulmasından söhbət gedirsə, heç bir halda və heç bir sənədin (şəxsiyyət vəsiqəsi, pasport, hər hansı bir qruma üzvülük vəsiqəsi) girov qoyulmasına icazə verilmir:   "Digər hüquqi tərəf isə borca görə məsuliyyət məsələsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, kimsə borca görə öhdəlik götürüb və 3 il ərzində onun borcu ödəmədiyi haqqında iddia qaldırılmayıbsa, sonradan bu borcun qaytarılması üçün iddia qaldırılması mümükün deyil".   Vəkil qeyd edib ki, söhbət 2015-ci ilə aid 300 min dollar borc tələbindən gedir:   "Görünür, borc verən tərəf 2018-ci ilə qədər məhkəməyə müraciət etdiyinə görə yenidən bu məsələ haqqında müzakirə qaldırılaraq baxılıb". Bundan sonra proseslərin necə gedəcəyinə də münasibət bildirən vəkil bildirib ki, məhkəmə Rafael Cəbrayılovun əleyhinə qərar çıxardıb: "İndi məsələyə yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə müraciət edilib. Hələ ki, heç bir qərar yoxdur, məhkəmənin nə qədər vəsaitin ödənilməsi barədə iddianı təmin edəcəyini bilmirik. Əgər borcun yenidən Rafael Cəbrayılovun üzərində qalması təmin edilərsə, qərar yerinə yetirilməsi üçün icra orqanlarına göndəriləcək".   Vəkilin sözlərinə görə,deputat bu borcu ödəməkdən boyun qaçırsa, onu həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir:     "Məhkəmə qərarını yerinə yetirməməyə görə həm İnzibati Xətalar Məcəlləsində maddə var, həm də qərarın yerinə yetirməsinin gecikdirilməsi uzun müddətli olsa və qərəzli şəkildə gecikdirilsə, 306-cı maddəyə əsasən, məhkəmə qərarını yerinə yetirməməyə görə cinayət nəsulliyəti yaranacaq və məsuliyyətə cəlb olunacaq. Rafael Cəbrayılov öz mandatından imtina edib. Bu o deməkdir ki, toxunulmazlıq hüququ da ləğv olunur. Bu hüquq ləğv olunduğuna görə də məsuliyyətə cəlb oluna bilər. Ümumiyyətlə, hər hansı bir orqanın işçisi olduğunu təsdiq edən sənədi girov qoymaq sadəcə həmin orqanla bağlı olan bir məsələdir. Bu, əmək intizamının, davranış qaydalarının pozulması hissəsində məsuliyyət yaradır. O isə bu mandatdan imtina etdiyinə görə artıq onu heç bir hüquq və qanunla cəza gözləmir və cinayət məsuliyyəti yoxdur. Deputatın vəsiqəsini girov qoyması yalnız intizam məsuliyyəti yaradır. Bu məsələ əmək intizamının pozulması və eyni zamanda dövlət qulluqçularına xas olan etik davranış kodekslərinin pozulmasıdır".   Xatırladaq ki, deputat Rafael Cəbrayılov 300 min dollar borc götürərək deputat vəsiqəsini girov qoyub. Bir müddətdir müzakirə mövsusuna çevirilən bu məsələ ilə bağlı dünən parlament rəhbərliyinə müraciət edən millət vəkili istefa verib. Milli Məclis rəhəbrliyi isə Mərkəzi Seçki Komissiyasına müraciət edərək Rafael Cəbrayılovu deputat səlahiyyətlərinə xitam verilməsini istəyib.   Bu gün isə məsələ ilə bağlı açıqlama verən Baş Prokuror Zakir Qaralov bildirib ki, MSK Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verdiklən sonra araşdırılma aparılacaq.