Rusiya Belarusu şantajda ittiham edir – Neft əvəzinə hərbi baza
Belarusun xarici işlər naziri Vladimir Makeyin ölkəsinin ərazisində yeni Rusiya hərbi bazasının yaradılmasının gərəksiz olduğuna dair açıqlaması Moskvada ciddi narazılıqla qarşılanıb. “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Dumanın MDB Ölkələrilə İş Komitəsinin sədr müavini Konstantin Zatulin rəsmi Minski şantajda günahlandırıb. K.Zatulin deyib ki, Belarus öz ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsinin əvəzində rəsmi Moskvadan neftin eksportu ilə bağlı güzəştli şərtlər əldə etmək istəyir: “Bu, belə bir pul qoparmaq metodudur. Bu iş dövlət səviyyəsində görülür, yəni ki, siz bizə, biz də sizə”. Duma təmsilçisi deyib ki, Belarus eyni zamanda həm ölkə iqtisadiyyatını saxlamağı, həm də özünə yaxşı imic yaratmağı düşünür. Xatırladaq ki, bundan öncə Belarusun xarici işlər naziri ölkədə Rusiya hərbi bazasına ehtiyac olmadığını demişdi: “Ölkə ərazisində Rusiya hərbi bazasına nə praktiki, nə hərbi, nə də siyasi baxımdan ehtiyac yoxdur.” Nazir qeyd edib ki, bu qərar Belarusun milli maraqlarından irəli gələrək qəbul edilib. Lakin Moskvada hesab olunur ki, Belarus bu yolla Rusiyadan neft güzəştləri qoparmaq niyyətindədir. Məsələ ondadır ki, artıq uzun illərdir Belarus Rusiyadan ildə 24 milyon ton neft idxal edir. Onun 18 milyon tonu ölkədəki neft emalı zavodlarına verildiyi halda, qalan 6 milyon tonu digər ölkələrə baha qiymətə satılır. Lakin Rusiya artıq bu praktikaya son qoyaraq, yeni vergi manevrləri həyata keçirməyə başlayıb. Bunun da nəticəsində Belarus nefti baha qiymətə almalı olacaq və onun təkrar satışından əvvəlki kimi qazanc götürə bilməyəcək.