Ukrayna və Rusiya növbəti dəfə məhbusları dəyişdirəcək
Gələn həftə Ukrayna və Rusiya həbsdə olan vətəndaşların növbəti dəfə dəyişdirilməsini nəzərdə tutur.  Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko “1+1” telekanalında məlumat verib. Nazir budəfəki dəyişmənin daha genişmiqyaslı olacağını bildirib. "Biz Ukrayna və Rusiya vətəndaşlarının dəyişdirilməsi prosesini addım-addım davam etdiririk”, - deyə o əlavə edib. Qeyd edək ki, sentyabrın 7-də Ukrayna ilə Rusiya arasında “35-ə 35” prinsipi ilə əsir və girovların dəyişdirilməsi prosesi baş tutub. ABŞ, Fransa, Almaniya və digər ölkələr əsirlərin dəyişdirilməsi prosesini alqışlayıblar və bunun münaqişənin həlli üçün başlanğıc addım olduğunu qeyd ediblər. Ukrayna Prezidenti Vladimir Zelenski bu prosesin davam etdiriləcəyini bəyan edib.(Azərtac)