Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür.
 1966-cı il 5 oktyabr tarixində YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı tövsiyə xarakterli ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.

Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur. Ölkəmizdə isə bu tarix 1993-cü ildən qeyd edilməyə başlanıb.

Qeyd edək ki, müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub. Bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Hətta ən böyük dahilər belə öz uğurlarına görə öncə müəllimlərinə borclu olduqlarını bildiriblər.

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri var.

Bayramınız mübarək, əziz müəllimlər!