"Fədayə Laçın kimi bir sənətçinin həbsdə qalması yaxşı hal deyil..."
Xəbər verdiyimiz kimi iki il həbsdə qaldıqdan sonra müğənni Fədayə Laçın əfv edilib. Müğənni oktyabrın 30-da azadlığa çıxacaq. F.Laçının bacısı müğənni İlahə Fəda imza topalama kampaniyasında iştirak edən bir neçə Xalq artistinə öz təşəkkürünü bildirib. Onlardan biri də Xalq artisti Mənsum İbrahimovdur. 
Məsələylə bağlı Moderator.az-a danışan Xalq artisti Mənsum İbrahimov Fədayə Laçın kimi bir sənətçinin həbsdə qalmasını heç vaxt istəmədiyini bildirdi:
"Həmin vaxt Fədayə Laçının əfv edilməsiylə bağlı məktub hazırlandı və imza toplamaq üçün bizlərə də müraciət olundu. Arif müəllim də, mən və digər sənət dostlarımız da məktubu imzaladı. Onda mən dedim ki, Azərbaycanın sənətkar xanımının həbsdə olması yaxşı bir hal deyil. Buna görə özümü yaxşı hiss etmirəm. Fədayə Laçın sənətçidi, gözəl Azərbaycan xanımıdı. Biz xahiş etdik ki, ona dövlətimiz tərəfindən güzəşt edilsin. Allaha çox şükür olsun ki, yaxın vaxtda o, azadlığa çıxacaq. Sənətçilərimiz adından ölkə rəhbərliyimizə bu hümanist addımına görə təşəkkür edirik".