Bakıda ən çox qəza olan “dörd yol”dan reportaj

Cəfər Xəndan və Əhməd Rəcəbli küçələrinin kəsişməsində elə gün yoxdur ki, yol qəzası və ya tıxac olmasın; ekspert deyir ki...

Bakının ən çox nəqliyyat qəzaları baş verən yollarından biri Nərimanov rayonu, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələrinin kəsişməsidir. Bu dörd yol kəsişməsində demək olar ki, hər gün avtomobillər toqquşur, bir-birinə dəyirlər. Üstəgəl, elə saat yoxdur ki, bu 4 yol ayrıcında tıxaclar, nəqliyyatın sıxlığı olmasın. Söhbət Ə.Rəcəblinin “Elit” ticarət mərkəzini keçərək 7-ci mikrorayona gedən və eləcə də əks istiqamətindən gedir. Ora nizamlanmayan yolayırıcı hesab edilir və bütün müvafiq yol nişanları qoyulub. Sadəcə, Ə.Rəcəbli küçəsinin əlavə yol kimi hesab edilən ərazisində nəqliyyat sayı çoxdur. Bu da həm süni sıxlıq yaradır, həm də tez-tez qəzalara səbəb olur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu ilin iyununda bildirmişdi ki, işıqfor qoyulması barədə qərar qəbul edilib və Bakı Nəqliyyat Agentliyi bu ayın sonuna qədər qərarı icra edəcək. Lakin bir müddət sonra həmin yolda dairə qoyuldu. Amma bu dairə heç də nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün faydalı olmadı. Ümumiyyətlə, bu dairənin qoyulduğu yerin heç bir əhəmiyyəti olmadığı əvvəldən məlum idi. Sözügedən yolda düz hərəkət etmək istəyən zaman sağdan və soldan gələn avtomobilləri gözləmək vacibdir. Bu isə tez-tez problem yaşadır. Sürücülər avtomobillərin bir qədər seyrək olduğu zaman hərəkət edəndə cərimələnir. Ona görə də bəzən dəqiqələrlə gözləmək lazım gəlir və bu da tıxac yaradır. Mövcud problemi dəfələrlə qabardan hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov sözügedən yola işıqfor qoyulması ilə bağlı aidiyyəti qurumlara 2018-ci ilin fevral tarixində müraciət ünvanlamışdı. Lakin müraciətdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, problem həllini tapmayıb, ərazidə xaos hökm sürür. Sürücülərin dediyinə görə, bu yoldakı xaos ən təcrübəli şoferi belə çaşdırır. Xüsusən də üzü Dərnəgül istiqamətinə getmək istəyənlər yolun bütün tərəflərindən gələn avtomobilləri gözləməlidirlər. Sürücülər qəzaların episentri olan Ə.Rəcəbli ilə C.Xəndanın kəsişməsindəki problemin aradan qaldırılmasının yeganə yolunu işıqfor qoyulmasında görürlər. Elməddin Muradlı ile ilgili görsel sonucu Nəqliyyat eksperti Elməddin Muradlının “Yeni Müsavat”a bildirdiyinə görə, söhbət təkcə adıçəkilən ərazidən getmir, ümumiyyətlə, Bakıda bir çox kəsişmə nöqtələri ilə bağlı problemlər yaşanmaqdadır. Onun sözlərinə görə, yolun hərəkətinin tənzimlənməsində yaranan çətinliklər bir neçə səbəbdən qaynaqlanır. E.Muradlı hesab edir ki, ilk növbədə sürücü mədəniyyətinin aşağı olması fəsadlara yol açır. “Bir çox kəsişmə nöqtələri var ki, böyük problemlər, fəsadlar yaradır. Sürücülərin kobudluğu, yekəxanalığı, yol hərəkəti qaydasını bilməməsi belə hallara gətirib çıxarır. Məsələn, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsini qeyd etmək olar. Əgər sürücü yol ayrıcını keçərkən görür ki, hərəkəti tam başa çatdıra bilmir, onda gözləməlidir.  Ancaq təəssüf ki, sürücülərimiz bu qaydalara çox vaxt əməl etmirlər. O baxımdan problemin kökü sürücü mədəniyyətindən irəli gəlir. Dəfələrlə olub ki, özüm yaşıl işıqda yolu keçə bilməmişəm. Ona görə minlərlə sürücü əziyyət çəkir. Hətta vəziyyət o yerə çatıb ki, Bakı Nəqliyyat Agentliyi sarı tor çəkməli olur, sürücüləri uşaq kimi başa salır ki, buradan keçmək olmaz. Amma kəsişmə nöqtələrinin bir çoxu var ki, işıqfor olmalıdır, əks halda, nəqliyyatın hərəkətini tənzimləmək mümkün olmayacaq. Bütün bunlarla belə, sürücülər sayıqlığı əldən verməməlidir". Yada salaq ki, ötən ilin statistikasına əsasən, Bakı şəhəri üzrə 619 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 212 nəfər həyatını itirib, 529 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.  Qəzaların ən çox Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Nobel, Moskva prospektlərində, habelə Buzovna, Maştağa yolu, eləcə də Kənar Dairəvi Yolda və ölkə əhəmiyyətli magistrallarda baş verdiyi bildirilir. Avropa İttifaqında yerli yollar üçün qəbul edilən sürət məhdudiyyəti 50 km/s-lə tənzimlənir. Yaşayış zonalarında olan yüksək sürət yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş ölümlərin statistikasını artırır. 50 km/s-dən sonra hər əlavə 5 km/s ölmək ehtimalını iki dəfə artırır. İnkişaf etmiş dövlətlərdə sırf yaşayış zonası olan küçələrdə hərəkət sürətini 30 km/s qədər azaldırlar. Mərkəzi küçələrdə isə məhdudiyyət 50 km/s olur. Bizdə yollar nə yerli yol şəbəkəsinə uyğundur, nə də magistral yollara. Təxminən bu ikisinin qarışığı bir sistem tətbiq edilib ki, bu da nəqliyyat sistemində yaşanan bir çox problemlərin, eləcə də qəzaların təməl səbəblərindədir. Nəqliyyatın pik saatlarında belə prospektlərdə tıxac olur, gecə saatlarında isə həddən artıq yüksək sürət, yollarda işıqlandırmanın zəif olması, piyadaların hərəkəti üçün uğurlu olmayan layihələndirmə müxtəlif yol qəzalarının baş verməsinə zəmin yaradır. Problemin kökündən həll edilməsi üçün küçə-prospektlər yenidən layihələndirilməlidir Emil SALAMOĞLU,
Fotolar müəllifindir
“Yeni Müsavat”