Zoologiya İnstitutunun direktoru: Deyirlər ki, quş adı dəyişməkdən başqa işləri yoxdur
Əslində, quşların adının dəyişdirilməsi təklifi cəmiyyət üçün nəzərdə tutulmayıb. Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib. Onun sözlərinə görə, quşların adının dəyişdirilməsi sırf alimlər üçün nəzərdə tutulub: “Alimlər quşların adını fərqli yazır. Bizim əsas məqsədimiz odur ki, hamı bir vahid ad qəbul edib, elmi məqalələrdə onu qeyd etsin. Bir müddət əvvəl biz quşların adının dəyişdirilməsini təklif etdik. Bu da rezonans yaratdı, necə deyərlər, “stəkanda fırtına” oldu və qərara aldıq ki, kompromis variantı seçək. Yəni, adlarının dəyişməsini istədiyimiz “Maygülü”, “Anqutu” və digər quşların adını saxlayaq, mötərizədə təklifdəki adı yazaq. Hansının daha işlək olacağını zaman göstərəcək və gələcək nəsil bundan istifadə edəcək. Fikrimcə, bu təklif artıq qəbul olunacaq”.