“Məmurlar bir-biriylə intriqa aparır və sonda da bunun qurbanı sadə millət olur...”
Xəbər verdiyimiz kimi son zamanlar paytaxt Bakıda “Eurohome” və bunun ardınca üçüncü mikrorayondakı bazarın yanması ziyalılar tərəfindən də qınaqla qarşılanıb. 
Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov bu yanğını törədənlərin cəzalandırlmasını tələb edib. R.Mahmudov yanğın zamanı malları yanan sadə vətəndaşlara da köməklik göstərilməsinin vacibliyini vurğulayıb:
“Ölkə rəhbərliyi ölkədə baş verən yanğın hadisələriylə bağlı ölçü götürməlidir. Ölkəni yandırırlar və belə şey olmaz, bunu edənlər cəzasız qalmamalıdır. Əgər belə olarsa, sabah istənilən adam gedib düşməni olduğu birinin evini yandıracaq. Bu ticarət mərkəzlərini yandıranların kimliyi açıqlanmır, millətə külli-miqdarda ziyan vururlar. Bazar da yana bilərmi? Müvafiq dövlət qurumları cinayətkarları cəzalandırmalıdır. Bu qədər millətin varı-dövləti yanıb və onlar da küçələrdə qalıblar. Heç kim bu yazıq vətəndaşlara yiyə durmur. Məmurlar bir-biriylə intriqa aparır və sonda da bunun qurbanı sadə millət olur”.