Qoca Səmədov barəsində məhkəmə qərarı - 4 ay həbs
Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov məhkəmə qarşısına çıxarılıb.    Xeberle.com xəbər verir ki, Səbail rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə Q.Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  
 
Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.