Bələdiyyə seçkiləri kampaniyasında sükut günü
23 dekabrda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqatın aparılması dekabrın 22-si saat 08:00-da dayandırılacaq. “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Qeydə alınan namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında yerləşdirilib. Dərc olunan siyahıda 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə qeydə alınan 42 000-dən çox namizədin adı var. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edir. Seçkidə iştirak edən 13 partiyadan üçü parlamentdən kənarda olan partiyalardır. Qalanları parlament partiyalarıdır.
Dekabrın 20-si saat 18:00-da isə bələdiyyə seçkiləri ilə bağlı seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.
Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 3 gün qalanadək, yəni 2019-cu il noyabrın 29-dan dekabrın 20-dək verilməlidir.
Dekabrın 20-də, həmçinin seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb. Seçki bülletenləri səsvermə gününə azı 3 gün qalanadək verilməlidir.(musavat.com)