Camaatın ürəyi dolu imiş: Əlimizdə pul küçələrdə qalmışıq
Paytaxtın nəqliyyat problemləri bitib-tükənmir. Belə problemlərdən biri də dayanacaqlarda yerləşən ödəmə terminallarının işlək vəziyyətdə olmaması, əksər dayanacaqlarda isə, ümumiyyətlə terminalların quraşdırılmamasıdır. Bununla bağlı davamlı şikayətlər gəlir.

Problemin miqyasına, vətəndaşlara nə kimi çətinliklər yaratmasına AYNA tutmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirdik. Cavabları təqdim edirik:

Elim Zakir: “Bəzi dayanacaqlarda BakıKart ödəmə terminalları olsa da, əksər dayanacaqlarda MilliÖN ödəmə terminalları üstünlük təşkil edir. Çox vaxt isə bu terminallarda texniki nasazlıqlar meydana gəlir. Təklif edirəm ki, BNA (Bakı Nəqliyyat Agentliyi – red.) MilliÖN ilə əməkdaşlığa son qoysun. Ya hər dayanacağa BakıKart ödəmə terminalı qoyulsun, ya da daha məsuliyyətli ödəmə şirkəti ilə əməkdaşlıq etsin”.

Tural Tağıyev: “Ödəmə terminalları ya köhnəlib, ya da istifadəyə yararsız hala gəlib. Bundan əlavə, terminallara nəzarət edən şəxslər xarab olan aparatları vaxtında təmir etmir və kassasını boşaltmırlar. Gündəlik olaraq işə gedib-gələndə də çox vaxt aparatların işləmədiyinə şahid oluruq”.

Elyar İslamoğlu: “Əhməd Rəcəbli 191 ünvanındakı dayanacaqdan gün ərzində yüzlərlə sərnişin istifadə edir. Ətrafda çoxsaylı ofis, idarə, məktəb, universitet, bazar və s. ictimai iaşə obyektləri olduğu üçün, sərnişin çoxluğu üstünlük təşkil edir. Ərazidən şəhərə gedən 2 nömrəli avtobus isə ödənişi yalnız kartla qəbul edir. Dəfələrlə zəng edib, yazılı müraciət etsəm də, kart yükləmə aparatları quraşdırılmır. Həmin əraziyə ən yaxın kart yükləmə dayanacağı “Nəriman Nərimanov” metrostansiyasındadır ki, oraya da kilometrlərlə məsafə var. Qarlı, yağışlı havalarda karta gedişhaqqı yükləyə bilməyən sərnişinlər metroya qədər piyada getməli olurlar. BNA isə iki ildən çoxdur ki, bu problemi həll etmir”.

Fərqanə Allahverdiqızı: “Bu aparatlar, quraşdırıldığı dayanacaqlarda normal işləyir. Ancaq bütün dayanacaqlarda aparat yoxdur. Məsələn, mən bu yaxınlarda Yasamalda, İTV-nin binasının qarşısındakı dayanacaqdan “20 yanvar” metrosuna getməli idim. Kartımda pul yox idi, dayanacaqda isə aparat qoyulmayıb. Bir xeyli gözlədim ki, bəlkə kartsız avtobus gələr, minib ödəniş edərəm. Tərslikdən o da gəlmədi. Məcbur qalıb 18 saylı marşruta mindim, sərnişinlərdən birinə 30 qəpik verib kartından istifadə etdim. Hərçənd ki, bu, onun borcu deyildi. Ona görə bütün dayanacaqlarda BakıKart quraşdırılmalıdır. Mən MilliÖN apartalarının əleyhinəyəm. Bir çox dayanacaqlarda MilliÖN aparatları quraşdırılıb. Onların fəaliyyəti isə çox bərbaddır. Bir çox hallarda həmin aparatlar işləmir və sərnişinlər ciddi problem yaşayırlar. Bundan əlavə, bu yaxınlarda “Zabitlər bağı”ndan “28 may” metrostansiyasına qədər olan bütün dayanacaqlarda karta pul yükləmək üçün yaxınlaşdım, heç bir MilliÖN aparatı işləmədi. Nəzərə alsaq ki, 2020-ci ilin yanvarından bütün avtobuslarda kart sistemi tətbiq ediləcək, BNA indidən dayanacaqlarda BakıKart quraşdırmağa başlamalıdır. Yoxsa daha çoxsaylı şikayət və narazılıqlar olacaq”.

İlham Mustafayev: “Rayonlardan Bakıya gələndə avtovağzala ən yaxın Bakıkart aparatı Biləcəri dairəsindədir. Oranın isə quraşdırılan gündən kart verdiyini görən olmayıb. Karta məbləğ yükləyəndə isə hər dəfə problem yaranır. Belə çıxır ki, rayonlardan gələnlər ya taksi ilə hərəkət etməli, ya da digər sərnişinlərə, onların əvəzinə pul ödmələri üçün minnətçi olmalıdırlar”.

Raminə Eyvazqızı: “Paytaxtın “Beşmərtəbə” adlanan ərazisində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığındakı dayanacaqda BakıKart pulu mənimsəyir və yükləmələr həddindən artıq gec olur”.