İran parlamenti Süleymaniyə görə toplanır
İran parlamenti sabah general Qasım Süleymaninin ölümü ilə bağlı qapalı iclas keçirəcək. Trend xəbər verir ki, bunu İran parlamenti rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi deyib. Ə.Abbasinin sözlərinə görə, iclasda təhlükəsizlik və hərbi məsələlər üzrə rəsmilər də iştirak edəcəklər. Ə.Abbasi əlavə edib ki, iclasda ABŞ-ın hücumunun detalları araşdırılacaq. Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.