Körfəz ölkələrindən neft tədarükü İranın raket zərbələrindən sonra bahalaşıb
Fars körfəzindən tankerlərə neftin digər ölkələrə daşınması xidməti göstərən bir çox şirkət İranın İraqdakı bazalara raket hücumundan sonra qiymətləri artırıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib. Bildirilib ki, qeyd olunan bölgədən Çinə tankerlərdə neftin daşınmasının dəyəri bəzi hallarda 14% artıb. Agentlik əməkdaşlarının fikirlərini öyrəndikləri mütəxəssislər qeyd ediblər ki, bunun səbəblərindən biri sığorta şirkətlərinin artan gərginlik fonunda bu marşrut üzrə hərəkət edən tankerlərin qiymətləndirməsini artırmalarıdır. Materialda göstərilib ki, bu dəniz yolu üzrə daşınma xərclərinin artması ABŞ və İran arasındakı münaqişənin kəskinləşməsinin qlobal neft təchizatı zəncirinə təsir etdiyini göstərir. Xatırladaq ki, yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad hava limanının ərazisinə endirdiyi raket zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin elit bölməsi olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Qüds” qanadının komandiri Qasım Süleymani öldürülüb. Tehran Vaşinqtonun bu addımına sərt reaksiya verəcəyini vəd edib. Yanvarın 8-nə keçən gecə “Sepah” ABŞ-ın İraqdakı iki bazasına raket zərbələri endirib. “Reuters”in məlumatına görə, hücum nəticəsində 80 nəfər ölüb.