Nərminin qatilini hansı cəza gözləyir?
Tovuz rayonunun Dondar Quşçu kəndində noyabr ayının 21-də kənddəki toydan bir gün sonra itkin düşən və 2 gün əvvəl yanmış meyiti tapılan 10 yaşlı Nərminin cinayəti ölkənin gündəm mövzusudur.
 
Bu cinayətdən sonra hər kəs qatilin ən ağır cəzaya layiq görülməsini tələb edir.
 
Bəs görəsən qatili hansı cəza gözləyir?
 
Azxeber.com bu sualla tanınmış vəkil, Vəkillər Kollegiyasının üzvü Roman Qaraşova müraciət edib. 
O deyib ki, azyaşlını öldürən şəxsi 20 ilə qədər və ya ömürlük həbs gözləyir: 
"Baş vermiş hadisə ilə əlaqədar dərin sarsıntı keçiririk. Faciə barədə məlumatlar azyaşlı qızın ilk baxışdan təbii ki, qətlə yetirilməsi fikrini formalaşdırır. Bununla bağlı artıq cinayət işi başlanılıb, araşdırma aparılır. Təqsirləndirilən şəxslərin ən qısa zamanda aşkar edilərək məsuliyyətə cəlb ediləcəyini ümid edirik.
 
Cinayət məcəlləsinə əsasən bu əməli törədən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi həytdan məhrum edib. Bu o deməkdir ki, 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarının tətbiqi mümkündür. Azyaşlı yandırılaraq qətlə yetiribsə cinayət qanunvericiliyinə əsasən məhz bu cür əməl tövsif olunacaq. Digər bir versiya azyaşlıya qarşı zorakılıq olunub, qətlə yetirilib və meyiti yandıraraq izləri itirilməyə çalışılıb. Bu halda Cinayət məcəlləsinin daha bir neçə əlavə maddəsi ilə istintaq aparıla bilər. Hər bir halda müəyyən qənaətə gəlmək üçün istintaqın gedişini diqqətdə saxlamaq lazımdır".
 
Qeyd edək ki, 10 yaşlı Nərminin qatili tapılmayıb.