Bakıda lift quraşdıran rəis narazıdır- özünü qətiyyən təqsirli bilmir
“Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Şahid Fərman Ağamalıyev dindirilən zaman hazırda Təmir İstehsalat Birliyinin əməkdaşı olduğunu deyib. O bildirib ki, vaxtilə Dilanovun rəhbərlik etdiyi "Bakı Lift Təmir" İstehsalat Birliyində sahə rəisi vəzifəsində çalışıb. O, Hövsan qəsəbəsi ərazisində işlədiyini deyib. Ağamalıyev söyləyib ki, vəzifə səlahiyyətlərinə qəsəbədəki liftlərin təmiri və nəzarəti daxil olub. Fərman Ağamalıyev liftlərə lazım olan ehtiyyat hissələrinin alınmasında iştirak etdiyini deyib. O israrla bildirib ki, sifariş verilən ehtiyat hissələrin qiymətlərindən xəbəri olmayıb. Amma onun dedikləri məhkəməyə inandırıcı gəlməyib. "Mən fəhlə adamam. Qiyməti rəhbərlik, mühasibatlıq bilərdi"- deyə Ağamalıyev bildirib. Prokuror xatırladıb ki, Ağamalıyev liftlər üçün ehtiyat hissələrinin alınmasında da iştirak edib və sənədləri də imzalayıb. Ağamalıyev bunu belə izah edib: "Mən imzanı ona görə çəkmişəm ki, yəni, mal alınıb. Pulun alınmasında və verilməsində iştirak etməmişəm". Dilanov da bunu təsdiq edib. O deyib ki, Ağamalıyev malların alınmasında iştirak edib: "Pulun verilməsindən xəbəri olmayıb". Digər şahid Elnur Əliyev dindirilən zaman "Bakı Lift Təmir" İstehsalat Birliyində çalışdığını deyib və bildirib ki, liftlərin təmiri ilə məşğul olub. O, liftlər üçün lazım olan ehtiyat hissələrinin alınmasında iştirak etdiyini, edilən ödəmələrdən xəbərsiz olduğunu bildirib. Məlum olub ki, Elnur Əliyev liflətrin quraşdırılması, montaj ilə məşğul olub. O, bir liftin quraşdırılması üçün 1800 manat ödəniş aldığını, bu işi iki nəfərlə icra etdiyini deyib. Dilanov izahatında deyib ki, 1800 manat ödənişə köhnə liftin sökülməsi, daşınması, yol xərcləri də daxil olub. İttihamda yazılır ki, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. Məlumata görə, bu vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaitilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb. İttihamda göstərilir ki, həmin material və avadanlıqlar ticarətlə məşğul olan şəxslərə satılıb, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib. Araşdırmalar 2013-2015-ci işləri əhatə edir. Zərərçəkmiş tərəf "Bakı Lift Təmir" İstehsalat Birliyidir. Törətdiyi əmələ görə, ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Dilanov özünü qətiyyən təqsirli bilmir.