İTV-nin namizədlər üçün “dodaq uçuqladan” efir qiymətləri - fərqli reaksiyalar

Deputatlığa namizəd 3 dəqiqə üçün 11 min manat ödəməlidir; media eksperti sərt tənqid etdi, deputatlığa namizədlər isə bu pula imkan olmadığını açıqladılar...

Milli Məclisə seçkilərdə deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatına qoşulan KİV-lərin siyahısı açıqlanıb. Siyahıda televiziya kanallarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) adı yer alıb. Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır. İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır. Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir. Belə desək, 3 dəqiqəlik efir vaxtı 11 000 manatdır. Bu “dodaq uçuqladan” qiymət fantastik məbləğ kimi qiymətləndirilib və narazılıqla qarşılanıb. Sosial mediada da İTV-nin reklam qiymətləri tənqid olunub. Çünki hər bir namizədin həm bu ödənişi etməyə gücü çatmır, həm də kifayət qədər anormal qiymətlərdir. İTV-nin hansı meyarlar, hansı etalonla bu məbləği müəyyənləşdirdiyi isə açıqlanmır. 2015-ci ilin parlament seçkilərində isə İTV-də çıxış etmək istəyən namizəd 1 dəqiqəlik çıxış üçün 1200-3000 manat civarında ödəməli idi. Kanalın müəyyən etdiyi tarifdə bildirilirdi ki, 1 saniyəlik efir vaxtının qiyməti 20 manatdan 50 manata qədər idi. Bütün hallarda İTV-nin açıqladığı rasional qiymətlər deyil. Üstəlik, namizəd 2 dəqiqə efirə çıxıb 8 min manatından keçməkdənsə, bu vəsaitlə çox işlər görə bilər. Hər halda qiymətlər münasib olmalıydı. Media eksperti Zeynal Məmmədli ile ilgili görsel sonucu Media eksperti Zeynal Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bütün mənalarda İTV-nin açıqladığı tariflər Azərbaycan gerçəkliyinə uyğun deyil. Onun fikrincə, ölkədəki minimum orta aylıq əmək haqqı, demokratiya yoluna yeni qədəm qoyulması və plüralizmin əhəmiyyətinin çatdırılmasına cəhd edilməsi vaxtında belə bir məbləğ müəyyənləşdirmək reallıqla ayaqlaşmır. Media eksperti hesab edir ki, pulu olanlar irəli gedə biləcəklər: “Bu, ona bənzəyir ki, günəşli havadır, amma ayağının altında dinamit var. Ona görə də İctimai Televiziyanın ödənişli efir vaxtından pulu olanlar istifadə edəcəklər. Bu, heç bir halda demokratiya meyarlarına uyğun deyil. Avropa Şurasının Nazirlər Kabinetinin tövsiyələri var, ağlabatan olmalıdır. Amma həmin ağlabatan dedikləri də reallıqla uzlaşmalıdır. Odur ki, sərvəti olanların parlamentə yol tapmasını əngəlləməliyik, milyonerlər məclisi qurulmasına imkan verməməliyik”. Z.Məmmədlinin sözlərinə görə, televiziyanın adında ictimai sözü varsa, pulsuz efir vaxtı ayırmalıdır: “İctimai televiziya pul qazanmaq efirinə çevrilməməlidir. Belə çıxır ki, öz maliyyə şəraitini namizədlərin vəsaiti hesabına düzəltmək istəyir. Bu da çox gülüncdür. Çünki özəl telekanal belə addım atsaydı, anlaşılan idi. Söhbət İctimai telekanaldan gedir”. Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu Deputatlığa namizəd olan ADP sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, İTV xalq üçün yaradılıb: “Burada pullu reklam olmamalıdır. Amma İctimai telekanalı da dövlət televiziyası ediblər. Bir dəqiqəsi 3900-4000 manatdırsa, heç bir namizəd efirdə çıxış etməz. Şəxsən mənim elə bir maddi imkanım olmadığına görə pullu reklamdan istifadə etməyəcəyik”. ADP sədri təbliğat kampaniyası dövründə ev-ev gəzərək seçicilərlə təmas quracağını açıqladı: “Əgər regional televiziya olsaydı, başa düşülərdi. Yəni bunun heç əhəmiyyəti də yoxdur”. Fəzail Ağamalı ile ilgili görsel sonucu V çağırış üzrə deputat, hazırda yenidən namizədliyini irəli sürən Fəzail Ağamalı isə qeyd etdi ki, açıqlanan qiymətlər İTV-nin öz yanaşmasıdır və  onun səlahiyyətlərinə qarışmaq imkanımız yoxdur. F.Ağamalı hesab edir ki, kimin pulu varsa, ödənişli efir vaxtından istifadə edəcək: “Mənim belə imkanım olmadığına görə pullu efirdən yararlana bilməyəcəyəm. Lakin Seçki Məcəlləsində İctimai Televiziyanın hansı şərtlər altında efir vaxtı verməsi göstərilib. Heç bir telekanal namizədə pulsuz efir ayıra bilməz”. Deputatlığa namizəd qeyd etdi ki, artıq qeydə alınmış namizədlərin sayı 700-ə çatıb: “Bu rəqəm 1000 də ola bilər. Əgər hamı pulsuz efir imkanından istifadə etsə, fikirləşin ki hansı vəziyyət yarana bilər. O baxımdan heç kim deyə bilməz ki, İctimai televiziya niyə belə qiymət qoyur. Biz ona bu cür irad tuta bilmərik. Sadəcə, həmin məbləğə imkanım çatmır deyə pullu efirdən istifadə etməyəcəyəm”. V çağırış üzrə deputat Fazil Mustafa isə qeyd etdi ki, İTV-də pulsuz efir vaxtı var və partiyalar bu imkandan istifadə etməyə çalışmalıdır: “Amma açıqlanan qiymətlər çox bahadır. Namizədlərin pullu efirdən istifadəsi üçün şərait yaratmaq lazımdır”. Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-i saat 08:00-da başa çatacaq. Emil SALAMOĞLU,