SEPAH komandanı: Həyatımda heç vaxt belə utanmamışam
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Komandanı, general Hüseyn Salami səhvən vurulan Ukrayna təyyarəsinə görə üzr istəyib.  CNN xəbər verir ki, H.Salami məlum hadisə ilə bağlı məyusluğunu ifadə edib. “Həyatımda heç vaxt belə utanmamışam. Səhv etdik və bu səbəbdən çox sayda həmyerlimiz həlak oldu. Ancaq biz bunu qəsdən etmədik. Həyatımda hələ belə heyifsilənməmişdim. Heç vaxt...”, - deyə general bildirib. Salami Allah, İran xalqı və ölənlərin ailələri tərəfindən bağışlanacağı ümidində olduğunu dilə gətirib: “Mən o təyyarədə onlarla birlikdə ölsəydim bundan yaxşı idi”. Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehran yaxınlığında “yer-göy” tipli raketlə vurulub. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşı həlak olub.